Dövlət İdarəçilik Akademiyası “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirib

Dövlət İdarəçilik Akademiyası “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda təlimlər keçirilib.
“ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün DİA-nın rektoru akademik Urxan Ələkbərov mövzu üzrə məruzə edib. Rektor dahi şəxsiyyət Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. O, ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.
Rektor U.Ələkbərov Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Qeyd edib ki, inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
U.Ələkbərov müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.
DİA-nın rektoru işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq tədbirlərindən bəhs edib.

Tehsil-press.az


Oxşar xəbərlər