Ərazilərin minalardan təmizlənməsi üzrə səhra seminarı başladı

Ərazilərin minalardan təmizlənməsi üzrə səhra seminarı başladı Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentliyin (ANAMA) təşəbbüsü ilə aprelin 4-də Beynəlxalq Mina təhlükəsi məsələlərinə dair maarifləndirmə və ərazilərin minalardan təmizlənməsi ilə bağlı fəaliyyətə kömək günü ilə əlaqədar səhra seminarına start verilib.

Tehsil-press.az AzərTac-a istinadın xəbər verir ki, ərazilərin minalardan təmizlənməsi üzrə Cenevrə Beynəlxalq Humanitar Mərkəzinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən bu tədbirin məqsədi onun iştirakçılarını Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyi ilə tanış etmək, habelə minalardan təmizləmə ilə bağlı əməliyyatların keçirilməsi, mina təhlükəsi və zərərçəkənlərə kömək məsələlərinə dair problemləri müzakirə etməkdir.
Seminarda Belarus, Estoniya, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və İranda ərazilərin zərərsizləşdirilməsi və döyüş sursatlarından təmizlənməsi proqramlarının üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT İnkişaf Proqramının, habelə BMT-nin və ATƏT-in minasızlaşdırma fəaliyyəti ilə bağlı xidmətlərinin nümayəndələri iştirak edir.
ANAMA agentliyinin direktoru Qəzənfər Əhmədov bildirib ki, aprelin 8-dək davam edəcək seminarın ilk iki iş günü Bakıda keçiriləcək. Burada iştirakçılar Azərbaycan ərazilərinin minalardan təmizlənməsi sahəsində qüvvədə olan qanunvericiliyi müzakirə edəcək, müvafiq əməliyyatların həyata keçirilməsi təcrübəsini öyrənəcəklər. Sonra seminar iştirakçıları ANAMA-nın fəaliyyətinin nəticələri ilə bilavasitə tanış olmaq üçün bu təşkilatın Göygöldəki təlim-məşq bazasına gedəcəklər.
Q. Əhmədov son günlərdə cəbhə xətində baş verən hadisələrdən söhbət açaraq bildirib ki, müvafiq əmr verilən kimi ANAMA sərhədyanı ərazilərin təmizlənməsinə başlamağa hazırdır. Beləliklə, məcburi köçkünlərin öz evlərinə qayıtması üçün imkan yaradılacaq. O bildirib ki, hazırda təşkilatda 600-dən çox əməkdaş çalışır. Onların sərəncamında minatəmizləyən maşınlar, mina-axtarış təlimi keçmiş 54 xidmət iti var. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə tədbirlər planı tərtib olunub.

tehsil-press.az