
Tədbirə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Rusiya, Hindistan, Cənubi Koreyadan 30-dan artıq nüfuzlu alim və mütəxəssis qatılıb.
Nəsirəddin Tusi, Mirzə Uluqbəy və Əli Quşçunun dünyada tanınmış elmi məktəblərinin uğurları haqqında müqayisəli təhlil aparan E.Babayev qeyd edib ki, eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün ölkələrimiz arasında münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Həmişə Azərbaycanın haqq işini dəstəkləyən Özbəkistan azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti nümunəsi kimi qiymətləndirilir.
Elçin Babayev BDU ilə Özbəkistan universitetləri arasında əlaqələrin son illər daha da inkişaf etdiyini, qardaş ölkənin 8 universiteti ilə ikitərəfli müqavilələrin imzalandığını xatırladıb.
BDU-nun rektoru, həmçinin Səmərqənd Dövlət Universitetinin Mühəndis Fizikası İnstitutunda Səmərqənd Kvant Mərkəzinin açılışına həsr olunmuş “Kvant nano-bio texnologiyaları” elmi simpoziumunda iştirak edib. O, eyni zamanda, konfrans çərçivəsində Çinin Şimal-Qərb Normal Universitetinin yüksək səviyyəli nümayəndə heyəti, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutunun direktoru, akademik Şuxrat Ehqamberdiyev, BDU-nun 1970-ci il məzunu, Səmərqənd Dövlət Universitetinin Nəzəri fizika və kvant elektronikası kafedrasının professoru Rustam İbadovla müzakirələr aparıb.
Tehsil-press.az