Birləşmiş Krallığın səfiri AzMİU-da – yeni əməkdaşlıq məsələləri müzakirə edilib

Birləşmiş Krallığın səfiri AzMİU-da – yeni əməkdaşlıq məsələləri müzakirə edilib Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld, “British Council Azərbaycan”ın direktoru Nərgiz Hacıyeva və səfirliyin Biznes və ticarət şöbəsinin müdiri Elvin Raziyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi ilə həyata keçirilən əməkdaşlıq layihələrinə diqqət çəkərək qonaqlara universitet haqqında məlumat verib. Rektor bildirib ki, ölkəmizin memarlıq və inşaat üzrə yüzillik ali təhsil ənənəsini özündə birləşdirən AzMİU beynəlxalq əlaqələrin qurulmasına və bu yolla daha da modernləşməkdə maraqlıdır.
Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud mədəni və iqtisadi əlaqələrə diqqət çəkərək əməkdaşlıq üçün münbit zəmin olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini deyən rektor elm və təhsil sahəsində, o cümlədən AzMİU ilə Birləşmiş Krallıq universitetlərinin mövcud və potensial əməkdaşlıq imkanlarından danışıb.
AzMİU-nun Birləşmiş Krallığın Northampton, Anglia Ruski və Lester universitetləri ilə əməkdaşlığından danışan rektor bundan əlavə, hazırda Vestminster Universiteti ilə magistratura səviyyəsi üzrə ikili diplom müqaviləsinin imzalanma mərhələsində olduğunu diqqətə çatdırıb.
Səfirlik və “British Council Azərbaycan”la sıx əməkdaşlıq sayəsində AzMİU-nun Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun 5 illik akkreditasiyasını alması, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələrində təhsilalan tələbələrin “British Council”ın ingilis dili sertifikasiyası prosesinin ilk dəfə AzMİU-da təşkil olunması diqqətə çatdırılıb.
Səfir Fergus Auld səmimi görüşə görə təşəkkürünü bildirib və qardaşının da memar olduğuna diqqət çəkərək AzMİU-ya xüsusi rəğbət bəslədiyini qeyd edib. Bu günə qədər mövcud olan əməkdaşlıqların daha da inkişaf etdirilməsi, eləcə də yeni layihələrin reallaşdırılması üçün səy göstərəcəyini deyən səfir Birləşmiş Krallıq universitetlərinin memarlıq və bərpa ilə bağlı təcrübələrinin ölkəmiz üçün hazırda daha da əhəmiyyətli ola biləcəyini və AzMİU ilə həmin ali təhsil müəssisələri arasında əlaqələrin yaradılmasına hazır olduqlarını vurğulayıb.
“British Council”ın AzMİU ilə əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini bildirən Nərgiz Hacıyeva rektor Gülçöhrə Məmmədovanın 2016-cı ildə Londonda keçirilmiş “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”ndakı çıxışına, əməkdaşlıq üçün təkliflərinə diqqət çəkərək, bu təkliflərin iki ölkə arasındakı təhsil əlaqələrinə böyük töhfə verə biləcəyini qeyd edib.
Elvin Raziyev çıxışında ölkəmizdə rəqəmsal inşaatın yeni formalaşdığını, səfirliyin bu istiqamətdə kadr hazırlığı üzrə AzMİU ilə əməkdaşlıq niyyətində olduğunu qeyd edib.
İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev rəqəmsal inşaatın layihələndirmə, tikinti və binaların idarə edilməsi proseslərindəki faydalılığını vurğulayaraq bu istiqamətdə əməkdaşlıq formatının müəyyən edilməsi üçün müzakirələrin təşkilinin vacib olduğunu bildirib.
Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova isə “British Council Azərbaycan”la əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllimlərin ingilis dili səviyyəsinin birgə əməkdaşlıqla daha da yüksəldilməsi üçün təkliflər səsləndirib.
Görüş çıxışlarda diqqət çəkilən məsələlərin daha ətraflı müzakirəsi ilə davam etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər