Şərqşünaslıq İnstitutunun əməkdaşları Polşada beynəlxalq konfranslarda iştirak ediblər

Şərqşünaslıq İnstitutunun əməkdaşları Polşada beynəlxalq konfranslarda iştirak ediblər Varşava Universitetinin, onun Şərqşünaslıq fakültəsi, Türk araşdırmaları və Daxili Asiya xalqları şöbəsi və Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin, Azərbaycan və Qazaxıstanın Polşadakı səfirliklərinin təşkilatçılığı ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, həmin şöbənin aparıcı elmi işçisi, dosent Əfşan Şəfiyeva və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov iştirak ediblər.
Konfransda Solmaz Rüstəmova-Tohidi “Türk Dövlətləri Təşkilatının tarixi kökləri: türk birliyi ideyasının Rəsulzadə konsepsiyası”, Əfşan Şəfiyeva “Azərbaycan Milli Hökumətinin mədəniyyət sahəsində fəaliyyəti”, Namiq Məmmədov “Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti illərində (2002-2015)” mövzusunda məruzələrlə çıxış ediblər.
Varşavaya səfər çərçivəsində Azərbaycan alimləri, həmçinin Türkiyənin Polşadakı səfirliyinin təşkil etdiyi “Türkiyə - Polşa münasibətlərində ötən əsr (1923-2023)” mövzusunda beynəlxalq konfransda da iştirak ediblər, Varşava Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundovanın təşkilatçılığı ilə bir sıra elm və təhsil mərkəzlərinin tədqiqatçı və rəhbər vəzifəli şəxsləri ilə görüşlərdə iştirak edərək müzakirələr aparıblar. Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraça, Türk araşdırmaları və daxili Asiya xalqları şöbəsinin rəhbəri Aqata Bareja-Starzinska, həmin universitetin Avropa Araşdırmaları Mərkəzinin direktor müavini Aqniesjka Çmilevska, dosentləri Danuta Çmielovska və Artur Adamczik, Hərbi Texnologiya Universitetinin dosenti Natalya Mox, “Studia Wschodnioeuropejskie” jurnalının redaktoru Pavel Stavarz və başqaları ilə görüşlərdə alimlər Polşa – Azərbaycan münasibətlərinin tarixi və müasir vəziyyəti, onların formalaşması və inkişafında əhəmiyyətli rol oynamış polyak və Azərbaycan siyasi və hərbi xadimləri, tədqiqatçıları haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan alimləri bu sahədə nəşr edilmiş kitablarını, həmçinin AMEA-nın Şərqşünaslıq İnstitutunun çap olunmuş bəzi tədqiqat əsərlərini həmin mərkəzlərə və şəxslərə təqdim edib, eyni zamanda Ermənistanın Azərbaycana qarşı apardığı müharibə və onun nəticələri, torpaqlarımızın işğaldan azad olunması haqqında məlumat veriblər.

Tehsil-press.az


Oxşar xəbərlər