Botanika İnstitutunda gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub

Botanika İnstitutunda gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub. Payız məktəbi “Heydər Əliyev İli”nə həsr edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, gənclərin elmdə yeri, gənc alimlərin hazırlanması məsələsi bu gün dünya elminin və akademiyalarının başlıca problemlərindən biridir. Akademik dövlətimiz tərəfindən gənclərin stimullaşdırılması istiqamətində mühüm addımlar atıldığını, doktorantların təqaüdlərinin artırıldığını bildirib. Həmçinin AMEA-da elmin gəncləşməsi, gənclərin 30 yaşa kimi müdafiə etməsi istiqamətində mühüm addımlar atıldığını, doktorantların işlə təmin edildiyini və onlara ixtisas fənnindən seminarlar keçirildiyini, beynəlxalq konfranslara və təcrübələrə göndərildiklərini, Rəyasət Heyətinin qərarı ilə “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis olunduğunu, Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə (biri ingiliscə) çatdırıldığını qeyd edib.
İsa Həbibbəyli gənclərin üzərinə düşən vəzifələrdən danışıb, ingilis dilini və ixtisas fənnini yüksək mənimsəmək, tədbirlərə və konfranslara qatılmaq, qrant layihələrində iştirak etmək barədə tövsiyələrini verib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, gənclərin elmi tədqiqatlara cəlb edilməsi Azərbaycanın sosial, iqtisadi, innovativ gələcəyi üçün vacib məsələlərdəndir. Onun sözlərinə görə, elmin kommersiyalaşdırılması, alimlərimizin intellektual əməyinin bəhrəsinin sənayedə tətbiqi bu gün mühüm məsələlərdəndir. Bu və digər amillər elmdə qocalmanın qarşısını ala bilər.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva “Biomüxtəlifliyin qorunmasında prioritetlər” mövzusunda təqdimatla (gənclərə ustad dərsi) çıxış edib. O, bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbinin təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqəli olduğunu qeyd edib. Bildirib ki, müxtəlif ölkələrdə, regionlarda bitkilərin azalmasına diqqət yetirilməli, yüksək filogenetik müxtəlifliyə malik ərazilər, biomüxtəliflik üzrə qaynar nöqtələr, təbii qoruqlar, toxunulmaz yerlər, milli parklar və sair nəzərə alınmalıdır.
Açılış mərasimindən sonra tədbir öz işini bölmə iclasları ilə davam etdirib.

Tehsil-press.az



Oxşar xəbərlər