BDU-da doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı başlayıb

BDU-da doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı başlayıb Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaqları salamlayıb və konfransın əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edən rektor təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib, BDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
M.Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib. Təhsil naziri Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirib.
Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkəmizin ali təhsil müəssisələrində elmi potensialın mövcudluğunu bildirib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.
Sonra BDU-nun doktorantı, Gənclər üçün Prezident Mükafatçısı Aygün İsrayılova “Uğurun açarı gərgin zəhmət nəticəsində qazanılır”, ADNSU-nun doktorantı Elnur Səfərli “İKT-nin təhsildə rolu”, BDU-nun doktorantı Tural Həsənov “Uranın süxurlardan ekoloji təmiz üsullarla ayrılması və miqdarının təyini”, SDU-nun doktorantı Günay Şükürova “Qloballaşan dünyada miqrasiya prosesləri” mövzusunda təqdimat ediblər.
Qeyd edək ki, iki gün davam edəcək kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb.
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.
Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

BDU-nun Mətbuat Xidməti




Oxşar xəbərlər