AMEA-nın Botanika və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik institutları arasında əməkdaşlıq müzakirə edilib

AMEA-nın Botanika və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik institutları arasında əməkdaşlıq müzakirə edilib Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini Nizami Hümbətov, Otlaqlar laboratoriyasının müdiri Rasib Zeynalov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar.
Görüşdə iki elmi müəssisə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə qonaqlara rəhbərlik etdiyi elm müəssisəsinin müasir tədqiqat istiqamətləri, beynəlxalq aləmə inteqrasiyası barədə məlumat verib. Bildirib ki, müasir çağırışları və dövlət maraqlarını nəzərə alaraq ötən il Kənd Təsərrüfatı Nazirliyinin bir sıra institutları ilə müqavilə imzalanıb, hazırda onların tənzimlənməsinə ehtiyac var.
V.Əlizadə aqrar sahənin inkişafı üzrə institut alimlərinin apardıqları səmərəli elmi-tədqiqat işlərindən bəhs edib. O, həmçinin Botanika İnstitutunun müxtəlif dövlət qurumları ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, institutda 2016-cı ildən başlayaraq “Ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi” üzrə elmi-praktik nəticələrin alınması və məhsuldarlığın yüksəldilməsinə xidmət edən tədqiqat işləri yerinə yetirilir.
Müzakirələrdə institutun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov, Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva təkliflərini bildiriblər. Gənc doktorant Xatirə Qasımova təqdimatla çıxış edərək təsərrüfat əhəmiyyətli bitkilərə dair alınan nəticələrdən danışıb.
Görüşdə quraqlığa və duza davamlı yabanı və mədəni yem bitkilərinin becərilməsi istiqamətində təkliflər təqdim olunub. Nəticədə təklif olunan üç istiqamət üzrə işlərin birgə aparılması, müqavilələrin genişləndirilməsi, layihələndirilməsi və bu sahələrdə gənclərin fəal iştirakı qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər