Ermənilərin Qərbi Azərbaycanın qədim tarixini saxtalaşdırmaq cəhdləri

Ermənilərin Qərbi Azərbaycanın qədim tarixini saxtalaşdırmaq cəhdləri Qafqaz regionunda erkən sivilizasiya çağı eramızdan əvvəl II minilliyin ortalarında, yəni 3500 il bundan əvvəl tarixi Azərbaycan ərazisində təşəkkül tapıb. Həmin dövrdə Qarabağda Üzərliktəpə, Nərgiztəpə, Naxçıvanda Oğlanqala və Kültəpə, Urmiya gölünün qərbində Göytəpə kimi ilk şəhər məskənləri meydana gəlib. Azərbaycanın həm şimalında, həm də cənubunda eyni vaxtda şəhər mədəniyyəti geniş yayılıb və dövlətçilik ənənəsinin möhkəmlənməsi üçün zəmin formalaşıb. Eramızdan əvvəl II minilliyin sonu – I minilliyin əvvəllərindən başlayaraq əvvəlcə Aşşur mixi yazılı kitabələrində, daha sonra isə Urartu mənbələrində Azərbaycanın tarixi-coğrafi hüdudları daxilində mövcud olmuş tayfa və yer-yurd adları haqqında məlumat verilib. Bu mənbələrdə Araz çayından cənubda yerləşən Manna dövləti və onun şəhərləri ilə yanaşı, şimalda Naxçıvan, Göyçə və Zəngəzur bölgələrində qədim tayfalar və onların yaşadığı erkən şəhərlər haqqında məlumatlara rast gəlirik. Keçmiş SSRİ-də hakim dairələr tərəfindən Qafqaz regionunun qədim tarixini araşdıran tədqiqatçıların qarşısında Azərbaycan xalqının gəlmə olduğunu “əsaslandırmaq” üçün bir sıra tələblər qoyulduğundan elmi dəyəri son dərəcə əhəmiyyətli olan bir sıra mühüm konseptual məsələlər qəsdən təhrif edilərək saxtalaşdırılır və ya ört-basdır edilirdi. Bu saxtakarlığı hələ 500-600 il bundan əvvəl hazırlanmış xəritələr də təkzib edir.
Bu fikirləri AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. O bildirib ki, XVI əsrin birinci yarısında alman kartoqrafı K.Peytingerin hazırladığı “Peytinger cədvəli” adlı xəritədə qədim ölkələrin və şəhərlərin adları qeyd edilib. “Peytinger cədvəli” qədim dünya ölkələri haqqında məlumatların əks olunduğu və müasir dövrədək gəlib çatmış yeganə xəritədir. Bu xəritədə Azərbaycanın qədim dövlətləri olan Albaniya və Atropatenanın şəhərləri haqqında məlumatlara rast gəldiyimiz halda, ermənilərə məxsus hansısa bir şəhər adından bəhs edilmir. Eramızın II əsrində qədim yunan coğrafiyaçısı Klavdi Ptolemey “Kosmoqrafiya” adlı əsərində Qafqaz Albaniyasında 29 şəhərin mövcud olması haqqında məlumat verib. Qədim mənbələrdə Qafqaz regionunda ermənilərə aid heç bir yaşayış məntəqəsi qeyd edilməyib.
Ramin Əlizadə bildirib ki, Urartu irsinin erməni xalqının irsi kimi təqdim olunduğu tendensiyada mühüm tezislərdən biri də erməni tədqiqatçıları tərəfindən İrəvan şəhərinin Erebuni adı ilə “qədim erməni şəhəri” olduğunu iddia etmələridir. Əslində, Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, onun ilahə İrbuninin şərəfinə inşa etdirdiyi məbəd və qalanın ermənilərə heç bir aidiyyəti yoxdur: “İrbuni urartuluların mənsub olduğu qədim hurri xalqının panteonunda mühüm yer tutan ilahə olub. Ermənilərin İrəvan şəhərini qədim erməni şəhəri kimi təqdim etməyə can atmaları heç bir mənbə ilə təsdiq edilmir. Erməni tədqiqatçıları son yüz ildə Qərbi Azərbaycan ərazisini “əzəli erməni torpağı” etmək üçün müxtəlif üsullara əl atıblar. Onların məşhur İrəvan şəhərinin qədim adının Erebuni olmasını iddia etmələrini bir sıra tutarlı dəlillər ifşa edir. Qeyd edək ki, eramızdan əvvəl VIII əsrin əvvəllərində urartulular tərəfindən inşa edilmiş bu qədim Urartu qalası azərbaycanlılar tərəfindən Qanlı qala adlandırılan ərazidə yerləşir. İki yüz il əvvəl bu torpaqlara köçürülmüş ermənilər hətta bu qalanın adını da sadəcə öz dillərinə tərcümə edərək “Arin-berd” adlandırmışlar. Bu fakt Qərbi Azərbaycan ərazisindəki yer-yurd adlarına qarşı erməni saxtakarlığının bariz nümunəsidir.
Eramızdan əvvəl IX əsrin ortalarında Van gölü hövzəsində yaranmış Urartu dövləti bir əsrdən artıq müddət ərzində Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazisinə hücumlar edib. Urartu dövlətinin başlıca rəqibi Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan Assuriya imperiyası idi. Assuriya hərbi-siyasi qüdrətinə görə dövrünün ən güclü dövləti olduğundan Urartu hökmdarları onunla müharibəyə girməkdən çəkinirdilər. Aşşurlar Urartunun bir neçə mərkəzi qalalarını yerlə-yeksan ediblər. Buna görə də Urartu hökmdarları Mesopotamiya istiqamətində hücumlara ara verib, əsasən Cənubi Qafqaza talançı basqınlar etməyə başladılar. Eramızdan əvvəl VIII əsrin 80-ci illərində Urartu hökmdarı I Argişti müasir İrəvan və onun ətrafındakı ərazilərə hücum edərək burada bir neçə möhkəmləndirilmiş qalalar inşa etmişdi. Urartu hökmdarı I Argiştinin dövrünə aid mixi yazılı kitabədən məlum olur ki, o, eramızdan əvvəl 782-ci ildə müasir İrəvan şəhərindən kənarda ilahə İrbuninin şərəfinə məbəd inşa etdirmişdi. Urartu kitabələrində Zəngi çayının Araza töküldüyü yerdən Göyçə gölünün cənub-qərb sahillərinə qədər ərazi Aza ölkəsi adlanırdı. Aza toponimi Ordubad rayonunun Aşağı və Yuxarı Aza kəndlərinin adında indiyədək gəlib çatıb. Bu kəndlərin yerli əhalisi isə azərbaycanlılardır”.
“Urartuluların mənşə baxımından müasir ermənilərə və ya haylara heç bir aidiyyəti yoxdur. Urartu kitabələrinin heç bir yerində hay adlı toplumdan bəhs edilmir. Erməni dili Hind-Avropa dil ailəsinə aiddir, Urartu dili isə Ön Asiyanın qədim dillərindən olan hurri dilinin bir qolu olub, Hind-Avropa dil ailəsinə daxil deyil. F.Hommel, A.Qotze, İ.M.Dyakonov kimi tanınmış tədqiqatçılar Urartu dilinin Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna daxil olduğunu qeyd ediblər. Q.Kapansyan və onun yetirməsi olan G.Caukyan heç bir ciddi elmi dəlilə əsaslanmadan Urartu dilini Hind-Avropa dil ailəsinə aid ediblər. Onlar bu cür uydurma fərziyyələri ilə Urartu və erməni dillərinin genetik bağlılığını sübut etməyə cəhd göstəriblər. Qeyd edək ki, eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot “Tarix” əsərində ermənilərin friqlərlə birlikdə Trakyadan Kiçik Asiyaya köçdüklərini yazıb. 1872-1877-ci illərdə isə alman dilçisi A.D.Mordmann Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsinin olmadığını sübut edib.
Beləliklə, müasir İrəvan şəhəri yaxınlığında yerləşən İrbuni qalasının Urartu qalası olduğunu və abidənin erməni toplumuna aidiyyətinin olmadığını tutarlı dəlillər təsdiq edir. Ermənilər sonradan bu qalanın üzərində müxtəlif saxta kitabələr düzəltmişlər. Erməni tədqiqatçısı N.Arutyunyan İrbuni adını təhrif edərək Erebuni kimi oxumuşdur. Əslində onun Erebuni kimi oxuduğu saxta kitabənin də sonradan buradakı Urartu qalasının divarına bərkidildiyini açıq-aydın görmək mümkündür”, - deyə Ramin Əlizadə fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər