Bakı Slavyan Universitetində “Şuşa maarifi” sənədli filmi nümayiş olunub

Bakı Slavyan Universitetində “Şuşa maarifi” sənədli filmi nümayiş olunub Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə ərsəyə gətirdiyi “Şuşa maarifi” sənədli filminin nümayişi olub.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev “Şuşa maarifi” sənədli filminin nümayişinin universitetdə keçirilməsindən məmnun olduğunu söyləyib. Rektor ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasını həyata keçirən lideri olan bir xalq kimi xoşbəxt olduğumuzu qeyd edib. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də qəhrəman qazilərimizin daim minnətdarlıq hissi ilə xatırlanacağını deyən Anar Nağıyev milli-mənəvi irsimizi bizə çatdıran hər bir kəsə də minnətdar olacağımızı ifadə edib. Rektor Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın özünəməxsusluğunu əks etdirən filmin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Tədbirdə çıxış edən filmin ssenari müəlliflərindən biri, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov filmin ilk nümayişinin Şuşada keçirildiyini, daha geniş auditoriya üçün nümayişin isə Nizami Kino Mərkəzində baş tutduğunu diqqətə çatdırıb. C.Valehov filmin nümayişinin ali təhsil müəssisələrindən isə ilk dəfə olaraq məhz BSU-da keçirildiyini vurğulayıb. O, filmin ideyasının yaranması, həmçinin çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.
Daha sonra “Şuşa maarifi” film nümayiş olunub.
Qeyd edək ki, film Şuşada təhsilin tarixi mərhələlərindən və əhəmiyyətindən bəhs edir. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru Elçin Qasımovdur. Filmdə Şuşada yaranmış mühitin xalqımızın tarixində, maarifçilik ənənələrinin yaşadılmasında, mədəniyyətimizin inkişafında mühüm rol oynadığı nümayiş etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər