BSU-da “Qalxan və qılınc” sənədli filminin nümayişi olub

BSU-da “Qalxan və qılınc” sənədli filminin nümayişi olub Bildiyimiz kimi, Prezident İlham Əliyev 31 yanvar 2018-ci il tarixdə Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Noyabrın 12-də sərəncama uyğun olaraq Bakı Slavyan Universitetində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində “Qalxan və qılınc” sənədli filminin nümayişi olub.
Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova qeyd edib ki, “Qalxan və qılınc” sənədli filmi sovet hökuməti dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik etmiş Ulu Öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirir. Xanım Sultanova Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar BSU-da dörd gün fərqli mövzularda çəkilmiş sənədli filmlərin təqdim olunacağını diqqətə çatıdırb.
Filmin nümayişindən öncə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək film haqqında ətraflı məlumat verib. O, filmin kinopublisistik janrda çəkildiyini deyib. C.Quliyev bildirib ki, faktlar əsasında ekranlaşdırılan “Qılınc və qalxan” filminin mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı uğurlu mübarizə dayanır.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov çıxışında ekran əsərinin gənc nəsil üçün əhəmiyyətindən söz açıb. O söyləyib ki, bu ekran əsəri Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün etdiklərini ictimaiyyətə təqdim etmək baxımından önəmlidir. Filmin XX əsrin 60-cı illərində Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı olduğunu deyən rejissor bildirib ki, bu əsər Azərbaycanın düşmənlərinə verilən ən kəsərli və layiqli cavabdır.
Sonra ekran əsəri geniş auditoriya qarşısında təqdim olunub.

BSU-nun Mətbuat Xidməti


BSU-da “Qalxan və qılınc” sənədli filminin nümayişi olub

Oxşar xəbərlər