Polşada hökumət dəyişikliyi baş verib

Polşada hökumət dəyişikliyi baş verib Polşa Seyminin dekabrın 11-də keçirilən iclasında hakimiyyətdə yeni siyasi kurs müəyyən edilib.
Parlamentdə hökumət rəhbəri Mateuş Moravietskiyə etimadsızlıq göstərilib, onun hökumət başçısı vəzifəsində qalmasının lehinə 190, əleyhinə isə 266 parlamentari səs verib. Bununla da mütləq səs çoxluğu üçün lazım olan 229 səsi ala bilməyən M.Moravietskinin səkkiz illik hakimiyyəti başa çatıb.
Bunun ardınca isə iclasda iştirak edən 449 parlament üzvündən 248-i müxalifət lideri, 2007-2014-cü illərdə baş nazir olmuş Donald Tuskun lehinə səs veriblər. Bununla da ölkənin siyasi kursunda dəyişikliyin əsası qoyulub, mühafizəkarların ardınca D.Tuskun rəhbərlik etdiyi Vətəndaş Koalisiyası hakimiyyətə gəlir.
Qeyd edilməlidir ki, oktyabrın 15-də keçirilən parlament seçkilərində M.Moravietskinin rəhbərlik etdiyi Qanun və Ədalət (PiS) Partiyası parlamentdə 194 yer qazansa da, hökuməti qura bilmək üçün mütləq səs çoxluğuna nail ola bilmədi. D.Tuskun rəhbərlik etdiyi müxalifət koalisiyasi ümumilikdə 248 yerlə 460 nəfərlik parlamentdə mütləq səs çoxluğuna sahib olsa da, dövlət başçısı Andrjey Duda yeni hökumət qurmaq üçün M.Moravietskiyə mandat verdi. Noyabrın sonunda yeni hökumətin andiçmə mərasimi keçirildi və qanunvericiliyə əsasən, andiçmədən sonrakı 14 gün ərzində yeni hökumət başçısı parlamentdə etimad votumundan keçməlidir. Gözlənildiyi kimi, koalisiyalı müxalifətin əksəriyyət təşkil etdiyi Seym M.Moravietskiyə etimad göstərmədi və bundan sonra parlamentdə əksəriyyəti təşkil edən siyasi qüvvə özü hökuməti təşkil edər.
Donald Tusk 2007-2014-cü illərdə Polşada hökumət rəhbəri, 2014-2019-cu illərdə Aİ Şurasının Prezidenti və onun ardınca isə Avropa Xalq Partiyasının (2019-2022) sədri vəzifələrində çalışıb.

Tehsil-press.az



Oxşar xəbərlər