Hökumət tam tərkibdə istefa verdi

Hökumət tam tərkibdə istefa verdi Noyabrın 1-də Yaponiya hökumətinin üzvləri xüsusi iclasda istefa barədə ərizələrini Baş nazir Şinzo Abeyə təqdim ediblər. Onların müraciəti qəbul olunub.
Bu gün parlamentin hər iki palatası yeni Baş naziri seçəcək və o, yeni nazirləri təyin edəcək. Yaponiya qanunlarına əsasən, Baş nazir oktyabrın 22-də keçirilmiş seçkilər nəticəsində parlamentdə yer qazanan partiyaların nümayəndələri tərəfindən səs çoxluğu ilə seçilir.
Qaydaya əsasən partiyalar öz liderlərinin namizədliyini irəli sürürlər. Beləliklə, ölkənin Baş naziri vəzifəsini parlamentdə daha çox yer qazanan partiyanın lideri tutur. Oktyabrın 22-də keçirilmiş seçkilərdə Ş.Abenin rəhbərlik etdiyi Yaponiya Liberal Demokratik Partiyası qalib gələrək 465 deputat yerindən 284-nü qazanıb. Bu, ona Baş nazir vəzifəsində qalmaq imkanı yaradıb.
Ş.Abe avqustda formalaşdırdığı hökumətin son tərkibində dəyişikliklər etməyəcəyini artıq bəyan edib. Beləliklə, Ş.Abenin Yaponiyanın 98-ci Baş naziri seçilməsindən sonra Nazirlər Kabinetinin yeni tərkibi son üç ayda olduğu kimi qalaraq dəyişməyəcək. Bundan sonra hökumətin tərkibinin İmperator tərəfindən təsdiqi mərasimi keçiriləcək.
Noyabrın 1-də axşam saatlarında keçiriləcək mətbuat konfransında isə Ş.Abe növbəti mərhələ üçün kabinetinin daxili və xarici siyasətinin əsas istiqamətlərini bəyan edəcək.


Oxşar xəbərlər