“Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” - konfrans

“Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” - konfrans Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
Tədbiri açan elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin əhatəliliyinin artırılması, adambaşına maliyyələşməyə keçid, yeni peşə təhsili müəssisələrinin tikilməsi və proqramların hazırlanması məsələlərindən danışıb. Nazir bildirib ki, 12 min tələbənin adambaşına maliyyələşməyə keçidini növbəti 3 il ərzində təmin etmək planlaşdırılıb.
İşğaldan azad olunmuş ərazilərdə səkkiz yeni peşə təhsili müəssisəsinin tikilməsinin nəzərdə tutulduğundan da danışan elm və təhsil naziri əlavə edib ki, Füzuli şəhərində yeni təhsil müəssisənin tikintisinə başlanılıb, həmçinin Şuşa şəhərində peşə təhsilinin yenidən qurulması prosesinə start verilib. Bundan əlavə, Xankəndidə Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” adlı birinci paneldə elm və təhsil nazirinin müavini İdris İsayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış ediblər. Müzakirələrdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın bütün sahələrə olduğu kimi peşə təhsili və təlimi prosesinə də yeni impuls verdiyi qeyd edilib.
Konfransın ikinci paneli “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər” mövzusuna həsr olunub. Panel çərçivəsində keçirilən müzakirələrdə texnoloji inkişafın əmək bazarının dinamikasına təsir etdiyi və bu sahədə yeni imkanlar yarandığı vurğulanıb.
“Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları” adlı üçüncü panel müzakirə nəqliyyat sahəsində fəaliyyət göstərən ən böyük işəgötürən qurumların təmsilçilərinin iştirakı ilə baş tutub. Çıxış edənlər şərq-qərb, şimal-cənub istiqamətlərində yeni nəqliyyat mərkəzinə çevrilən Azərbaycanda kadr hazırlığının əhəmiyyətli olduğuna diqqət çəkiblər.
Sonuncu panel isə real sektorun kadr ehtiyaclarına həsr edilib. Paneldə çıxış edən və turizm, qida emalı, kənd təsərrüfatı və enerji kimi bir çox əhəmiyyətli sahələri təmsil edən işəgötürən qurumların nümayəndələri peşə təhsilli kadrlara ehtiyacın artdığını qeyd ediblər.
Konfrans zamanı, həmçinin auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etmək olub.

Tehsil-press.az




Oxşar xəbərlər