BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 2023-cü il xalqımızın tarixinə ən əlamətdar illərdən biri kimi həkk olunub. Bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz ölkəmizin suverenliyini bərpa edib. Qarabağda erməni seperatizmi darmadağın olunub, Xankəndidə, Əsgəranda, Xocalıda bayrağımız ucaldılıb. Bu parlaq Qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanılıb. Bu il xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, BDU-nun dünya şöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ulu Öndərimizin irsinin tədqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayan BDU kollektivi də bu müqəddəs missiyaya öz töhfəsini verir. BDU Elmi Şurasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Tədbirlər Planına uyğun olaraq, il ərzində Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri və s. çoxşaxəli tədbirlər keçirilib, kitablar nəşr olunub.
Ə.Ağamirzəyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. O vaxtdan bu bayram dövlət səviyyəsində qeyd olunmağa başladı. Ulu Öndərin bütün arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşib. Ümummilli Liderin bütün dünya azərbaycanlılarını Vətən uğrunda birləşdirmək ideyası reallaşıb, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Ölkəmizin qələbələrinin təməlində məhz Ulu Öndərin dövlətçilik siyasəti, azərbaycançılıq məfkurəsi dayanır”.
BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.
Sonra BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər