Lavrov: “ABŞ və Türkiyədə çoxları Əsədi...”

Lavrov: “ABŞ və Türkiyədə çoxları Əsədi...” ABŞ və Türkiyədə çoxları Suriya üzrə “B planı”nı həyata keçirmək və Suriya prezidenti Bəşər Əsədi devirmək istəyirlər.

Tehsil-press.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistan və Çindən olan həmkarları ilə üçtərəfli danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
O, həmçinin deyib ki, Rusiya ABŞ-la Suriya üzrə məxfi danışıqlar aparmır. Lavrovun sözlərinə görə, bu, Moskvanı gözdən salmaq cəhdidir.
“The Wall Street Journal” “B planı”nın mövcudluğu haqqında ilk dəfə fevralın 23-də xəbər verib. Növbəti gün ABŞ-ın dövlət katibi Con Kerri senatorlar qarşısında çıxış edərək bildirib ki, Amerikanın Suriya üzrə “B planı” var. Lakin Kerri planın detallarını açıqlamayıb və ümid etdiyini bildirib ki, atəşkəs rejimi effektiv olacaq.
Atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir gün sonra - fevralın 28-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr də bildirib ki, Suriya prezidenti Bəşər Əsəd və onun müttəfiqlərinin atəşkəsə qeyri-ciddi yanaşdığı aydın olarsa, “B planı” işə düşəcək. Lakin o da planın detallarını açıqlamaqdan imtina edib.
Bir neçə gün əvvəl isə Amerikanın “The Wall Street Journal” nəşri Suriya üzrə "B planı”nın detallarını əldə edib. Nəşrin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri tərəfindən hazırlanan plan Suriyada atəşkəsin pozulacağı halda həyata keçiriləcək.
Qəzetin mənbələri bildirir ki, müttəfiqlər Bəşər Əsəd rejiminə qarşı vuruşan mülayim müxalifəti daha güclü silahlarla, həmçinin daşına bilən zenit-raket kompleksləri ilə təchiz etmək niyyətindədir. Bu, rəqibin hərbi aviasiyası və artilleriya sistemlərinə zərbələr endirməyə imkan verəcək.
Amma eyni zamanda Vaşinqton “B planı” çərçivəsində mülayim müxalifətə verilməsi nəzərdə tutulan silahların terrorçuların əllərinə düşə biləcəyindən ehtiyat edir.
Qeyd edək ki, Bəşər Əsədin istefasını tələb edən müxalifətlə rejim güclərinin qarşıdurması 2011-ci ilin fevralında başlanıb və sonradan genişmiqyaslı vətəndaş müharibəsinə keçib.

tehsil-press.az

Oxşar xəbərlər