Bakı sakinlərinin NƏZƏRİNƏ - Yeniliklər olacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ - Yeniliklər olacaq Son günlər Bakı şəhəri nəqliyyatında yaranan problemlər, tıxac, ictimai nəqliyyatdakı sıxlıq və digər məsələlər cəmiyyətdə müzakirə olunmaqdadır.

Sosial şəbəkələrdə də bu məsələ ətrafında müxtəlif fikirlər səsləndirilir. Bu istiqamətdə müxtəlif şikayətlər var.

Şikayətçilərin çoxu şəhərdəki tıxacdan, ictimai nəqliyyatdakı sıxlıqdan və metronun fəaliyyətindən narazıdır. Yollardakı infrastrukturdan daş ikayətlənənlər az deyil.

Nəqliyyat üzrə ekspertlər də məsələnin ciddiliyini günə gətirirlər. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı nəqliyyatında problemlər çoxdur. Onun sözlərinə görə, yol təsərrüfatından tutmuş, ictimai nəqliyyata qədər problemlər var.

"Həlli istiqamətində çox işlər görülür. Amma nəticədə vəziyyət daha da pisləşir. Ümumilikdə Bakının yol təsərrüfatını qoruya bilmədik.

Vaxtında normal yol şəbəkəsi qurulmadı. Yeni metro stansiyaları tikilsə belə, mövcud metro stansiyaları yenilənmədi. Ümumilikdə metro inkişaf etmədi.

Bakı Nəqliyyat Agentliyinin dövründə avtobusların inkişafı qəflətən dayandı. Yeni gətirilən avtobuslar bərbad vəziyyətə salındı", - deyə Elməddin Muradlı bildirib.

Ekspert deyir ki, 2040-cı ilə qədər Bakının Baş Planına uyğun hərəkət etsələr bəlkə müəyyən bir dəyişikliklər olacaq.

"Baş planı ilə paralel Nəqliyyatın Əlaqələndirmə Şurası ilə birlikdə müəyyən işlər görülüb. Lakin proses sürətli getmir.

Avtobusların sayı 100-ə qədər artıb, ilin sonuna qədər 500-ə qədər artacaq. TƏzə avtobuslar gəldikcə köhnələr istismardan çıxarılmalıdır. Bu dəqiqə 1000-ə yaxın istismara yararsız avtobus var.

Cəmi 2100 avtobusumuz var, onunda minə yaxını yararsızdır. Bölgələrlə, Bakı ətrafı qəsəbələrlə əlaqələri normal bərpa edə bilməmişik.

İnsanlar şəhərdən kənara çıxmağa çalışır, amma şəhərlə əlaqə ictimai nəqliyyat üzərindən qurulmur.

Yəni şəhərdən kənarda ev alan ailəsi üçün maşın da alır. Hətta bir ailə bir neçə üzvü üçün avtomobil alır və şəhərə gəlib-gedəndə şəxsi maşınlardan istifadə edir. İnsanlara çeşidli, normal ictimai nəqliyyat vermək lazımdır.

Tramvayla bağlı neçə illərdir danışılır, lakin hələlik ortada bir iş yoxdur".

Mütəxəssis deyir ki, Bakı metrosu ilə də bağlı vəziyyət ürəkaçan deyil:

"Bakı metrosunun yeni stansiyaları çox az tempdə artır. Bakının yaşayış səviyyəsini nəzərə alsaq, indiyə qədər metronun 60-a yaxın stansiyası olmalıydı. Cəmi 27 stansiyanın ümidinə qalmışıq. MDB məkanında ən zəif inkişaf edən Bakı metrosudur. Metroda illər uzunu ancaq geriləmə olub".

Elməddin Muradlı son olaraq məsələnin həllini köklü və dayanıqlı addımlar atmaqda görür.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb:

"Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir".

AYNA-dan verilən açıqlamada o da bildirilib ki, Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib:

"Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 900 mindən çox sərnişin daşınır. Zolaqlar sayəsində avtobuslar son təyinat nəqtəsində 10-15 dəqiqə daha tez çatır.

Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.

Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır".

Paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının yenilənməsi ilə bağlı qurum tərəfindən işlərin görüldüyü vurğulanıb:

"Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb.

Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir".

AYNA paytaxt küçələrində salınan avtobus zolaqları ilə bağlı məsələyə belə aydınlıq gətirib:

"Avtobus zolaqları salınarkən, əvvəlcədən təhlillər aparılır, infrastruktur müəyyən kriterialar əsasında təşkil edilir.

Bəzən yolboyu obyektlər və müəssisələrin yerləşməsi səbəbindən müəyyən dəyişikliklərin edilməsinə zəruriət yaranır. Bu zaman hər bir məsələyə həssas yanaşılır.

Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Layihələndirmə zamanı prioritetləşdirmə piyadalar, velosipedçilər və ictimai nəqliyyat ardıcıllığı ilə müəyyən olunur"./Yenisabah.az/

Tehsil-press.az

Oxşar xəbərlər