BAAU-da Türkiyə Cumhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd edilib

BAAU-da Türkiyə Cumhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd edilib Oktyabrın 30-da Bakı Avrasiya Universitetində (BAAU) Türkiyə Cumhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd edilib. Tədbirdən öncə BAAU-nun rektoru, dos. Səyavuş Qasımov Türkiyə Cumhuriyyətinin Təhsil müşaviri Yurdagül Aydoğan və Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıçı qəbul edib. Görüşdə BAAU ilə Səfirlik arasında əlaqələrin gücləndirilməsi, Türkiyənin ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsinin aparılması, həmçinin hər iki ölkənin universitetləri arasında birgə layihələrin həyata keçirilməsi barədə geniş müzakirələr aparılıb. Müzakirələr zamanı təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsi üçün konkret addımların atılması və gələcək layihələrin koordinasiya edilməsi məsələləri vurğulanıb. Tərəflər bu əməkdaşlığın hər iki ölkənin təhsil və elmi inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildiriblər.

Sonra Türkiyə Cumhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün və hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan BAAU rektoru, dos. Səyavuş Qasımov qonaqların timsalında qardaş ölkə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Yunus Emre İnstitutunun əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək, Türkiyə və Azərbaycanın dərin dostluq və qardaşlıq bağlarına, eləcə də siyasi arenada bir-birini dəstəkləməklə təməli möhkəmləndirilmiş əməkdaşlıq əlaqələrinə diqqət çəkib. Çıxışında elm və təhsil sahəsində hər iki ölkə arasında həyata keçirilən layihələrə toxunan rektor BAAU-nun Türkiyənin 30-dan çox ali təhsil müəssisəsi ilə qurduğu əməkdaşlıqlar barədə məlumat verib. Rektor qeyd edib ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan "Şuşa Bəyannaməsi" iki ölkənin müttəfiqlik münasibətlərinin yeni mərhələsinə keçidi və hər sahədə əməkdaşlığın dərinləşməsini təmin edən mühüm tarixi hadisədir.

Təbriklərə və əlamətdar tədbirin təşkilinə görə minnətdarlığını bildirən Y.Aydoğan iki ölkə arasındakı qardaşlıq bağlarının bizi bir araya gətirən ən güclü əlaqə olduğunu diqqətə çatdırıb. O, iki ölkənin birgə addımlar atmasının və hər sahədə tərəfdaşlıq etməsinin təhsil və mədəniyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxardığını qeyd edib. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını vurğulayan müşavir son 3 ayda 4000 yeni tələbənin təhsil üçün Türkiyə universitetlərinə qəbul olduğunu bildirib. Bu rəqəmlərin Azərbaycan və Türkiyə arasındakı təhsil mübadiləsinin sürətlə inkişaf etdiyini və bu əməkdaşlığın gələcək nəsillər üçün böyük imkanlar yaradacağına inandığını bildirən Y.Aydoğan hal-hazırda Türkiyədə təhsil alan 35000 azərbaycanlı tələbənin iki ölkənin dostluq və qardaşlığının ən gözəl təzahürü olduğunu qeyd edib. Təhsil Müşavirliyinin BAAU ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdıran müşavir bundan sonra da əlaqələrin artırılacağına əminliyini bildirərək çıxışını tamamlayıb.

Tədbirdə çıxış edən Bakı Yunus Emre İnstitutunun müdiri S.Karakılıç Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni irsindən bəhs edib. O, hər iki ölkənin keçmişdə yaşadığı çətinlikləri birlikdə dəf etdiyini və bu tarixi bağların gələcək nəsillər üçün bir qüvvət mənbəyi olduğunu vurğulayıb.

S.Karakılıç Balkanlardan Orta Asiyaya qədər geniş bir coğrafiyada Türk dilinin, mədəniyyətinin və milli dəyərlərinin güclənməsi istiqamətində Yunus Emre İnstitutunun göstərdiyi fəaliyyətlərdən söz açaraq, bu dəyərlərin qorunması və inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanda təmsil etdikləri institutun yalnız mədəniyyət sahəsində deyil, təhsil və digər sahələrdə də əməkdaşlıq imkanlarını genişləndirməyə hazır olduğunu bildirib.

S.Karakılıç çıxışında Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin də əhəmiyyətini vurğulayaraq, iki ölkənin milli kimlik və dəyərlərinə olan bağlılığının həm Türkiyədə, həm də Azərbaycanda birlik və əzm ruhunu gücləndirdiyini qeyd edib. Tədbirdə bu möhkəm bağların gələcəkdə daha da güclənəcəyinə inamını ifadə edən S.Karakılıç, “Azərbaycan və Türkiyə ortaq məqsədlərlə gələcəyə inamla addımlayır və biz bu sarsılmaz əlaqələri hər zaman dəstəkləyəcəyik” sözləri ilə çıxışını tamamlayıb.

Açılış nitqlərindən sonra tədbirin proqramına uyğun olaraq türkoloq alim Telman Nüsrətoğlu, BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dos. Zəminə Rüstəmbəyli və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, prof. Elmira Məmmədova-Kekeç çıxış ediblər.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BAAU tələbələrinin ifasında Azərbaycan-Türkiyə qardaşlığına və Türkiyə Cumhuriyyətinin 101-ci ildönümünə həsr edilmiş şeirlər səsləndirilib, nəğmələr oxunub. Tədbir tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilməsi ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər