“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” – beynəlxalq konfrans

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” – beynəlxalq konfrans AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.
Konfransda çıxış edən institutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımların böyük rolu var.
Konfransda “Osmanlı imperiyasından Türkiyə Cümhuriyyətinə tarixi yol”, “Milli mücadilə və Cümhuriyyətin yaranması”, “Anadolu hərəkatı və Azərbaycan”, “Türkiyənin istiqlal mübarizəsinə Sovet Azərbaycanının maddi və mənəvi yardımı”, “Sovet İttifaqından olan türkəsilli köçkün və qaçqınlarla bağlı Türkiyə Cümhuriyyətinin tədbirləri (1923-cü ildən 1947-ci ilədək)”, “Müstəqillik illərində təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri (1993-2003-cü illər)”, “Türkiyənin dəstəyinin Vətən müharibəsində qələbəmizin həlledici amillərindən biri kimi”, “Azərbaycanda internetin formalaşması və inkişafında Türkiyə Respublikasının rolu” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə diqqətə çatdırılıb ki, tarix boyu Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibəti mövcud olub. Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq daha yüksək səviyyədədir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri dünya ölkələrinə nümunədir.

Tehsil-press.az



Oxşar xəbərlər