Bu barədə politoloq Şahin Cəfərli bildirib.
O qeyd edib ki, İsrail hazırda Suriya ərazisində demilitarizasiyaya, yəni Bəşər Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvinə çalışır, bu hərbi potensialın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır.
Politoloqun sözlərinə görə, İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb: “Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir. Bundan başqa, Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilib. İrandan Aralıq dənizi sahilinə uzanan “şiə ayparası” dağılıb. Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxıb. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək”.
Ş.Cəfərli vurğulayıb ki, “Hizbullah”ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı “Ənsərullah”, “Haşdi Şabi” qruplaşmalarına çatacaq: “Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda yəqin ki, birbaşa İran özü hədəf alınacaq. Xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər”.
Tehsil-press.az