
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən sonra baş verən ən ağır cinayətlərdən biri 1990-cı ilin yanvarın 24-də baş verdi. O gün Polimer Materialları İnstitutunda çalışan 5 alim işə gələrkən Azərbaycana yeridilən Sovet ordusunun amansızlığının qurbanı oldular. Rus ordusunun tankı alimlərin olduğu avtomobilin üstündən xüsusi amansızlıqla keçərək faicəyə səbəb oldular. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə zamanı, İsmayıl Mursaqulov isə 3 gün sonra şəhid oldular. Hadisədə yaralanan Parlaq Mustafayeva və İdris Əhmədov unuda bilməyəcəkləri vəhşiliyin şahidi oldular. Professor İdris Əhmədov hadisədən 29 il sonra məhz 2019-cu ilin 20 yanvarında dünyasını dəyişdi.
Bu cinayət elm tarixində qara səhifələrdən biri kimi qalacaqdır. Şəhid olan görkəmli alimlərin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun, eləcə də Parlaq Mustafayeva və İdris Əhmədovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tehsil-press.az