
Sakinlər uzun müddətdir Qobu qəsəbəsinin yollarının keçilməz olması ilə bağlı heç bir tədbir görülmədiyini bildiriblər.
"Bu yolda nəinki piyadaların, heç avtomobillərin də hərəkəti mümkün deyil. Kanalizasiya suları bütün ətrafı bürüyüb, amma tədbir görən yoxdur", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yolun həmin hissəsinin təmir ediləcəyini bildirib:
"Ötən gün agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Ərazidə qrunt sularının səviyyəsi yüksək olduğundan yolun hərəkət hissəsinə su dolur. Hazırda onun qarşısının alınması istiqamətində işlər həyata keçirilir, bundan sonra yoldan palçığın və lil qatının təmizlənməsi, ardınca həmin hissədə yolun bərpası tərəfimizdən təmin olunacaq", - deyə A.Nəcəfli vurğulayıb.
Tehsil-press.az