
Məruzədə 1939-cu ildən fəaliyyət göstərən kitabxananın formalaşması və inkişafı tarixinə nəzər salınıb. Tədqiqatçı Respublika Dövlət Elmi Tibb Kitabxanasının xüsusi oxucu kontingentinə malik olduğunu diqqətə çatdırıb, kitabxananın fəaliyyətinin spesifikasından, burada istifadə olunan iş metodlarından bəhs edib: “Kitabxana sahə üzrə mütəxəssislərə, tibb sahəsində tədqiqat aparan şəxslərə, müvafiq təhsil müəssisələri və elmi tədqiqat institutlarına, tibb təhsili alan tələbələrə kitabxana xidməti göstərən aparıcı mərkəzdir”.
Tədqiqatda Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri geniş şəkildə öyrənilib, kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada təşkil edilən müxtəlif tədbirlər, sərgilər, qurumun elmi-metodiki fəaliyyəti və bir sıra layihələri təhlil olunub.
Kitabxanada həyata keçirilən elektronlaşdırma proseslərindən bəhs edən məruzəçi kataloqlaşdırma sistemlərini inkişaf etdirmək üçün yeni texnologiyaların və metodların tətbiqinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə dünya təcrübəsini diqqətə çatdırıb, bir sıra müqayisəli təhlillər aparıb.
Respublika Dövlət Elmi Tibb Kitabxanasının iş təcrübəsi əsasında hazırlanmış məruzə müzakirələrlə davam etdirilib.
Tehsil-press.az