On yeddi il rektor işlədi, övladları dolanışıq üçün evlərini kirayəyə verib mərkəzdən köçdülər

On yeddi il rektor işlədi, övladları dolanışıq üçün evlərini kirayəyə verib mərkəzdən köçdülər "Martın 20-si Bakı Dövlət Universitetinə 17 il (1970-1987) rəhbərlik etmiş akademik Faiq Bağırzadənin doğum günüdür. Bu gün onun 99 yaşı tamam olur. Onu aspirant olduğum dövrdən tanıyırdım".

Bu barədə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, keçmiş təhsil naziri Misir Mərdanov yazıb.

O, Faiq Bağırzadənin rektorluğu dövründə 14 il BDU-da çalışdığını qeyd edib: "Faiq Bağırzadə sözün həqiqi mənasında yaxşı rektor olmaqla bərabər, səmimi və qayğıkeş, billur kimi saf bir insan idi. Təsəvvür edin ki, qardaşı 6 il Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində, özü isə 17 il Bakı Dövlət Universitetində rektoru vəzifəsində işləmiş Faiq müəllimin övladları o, vəfat etdikdən sonra dolanışıq ucbatından şəhərin mərkəzində yerləşən evlərini kirayəyə verib şəhərdən kənarda yaşayırdılar. Allah Faiq müəllimə qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun".

Misir Mərdanov Faiq Bağırzadənin həyatı haqqında geniş məlumat verməyi özünə borc hesab etdiyini vurğulayıb:

"XIX əsrin sonlarında azərbaycanlıların qədim yaşayış, elm və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində üç qardaş yaşayırdı: Hacı Bağır, Hacı Abbas, Hacı Qasım. Bu qardaşların övladları, daha doğrusu, nəvə-nəticələri sonralar Azərbaycan elminin, mədəniyyətinin, siyasi həyatının görkəmli şəxsiyyətlərinə çevrildilər. Dahi bəstəkar, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti Səid Mirəli oğlu Rüstəmov Hacı Bağırın nəvəsi - Leylinin oğlu idi.

Azərbaycanın keçmiş Gənclər İttifaqının (LKGİ-nin) birinci katibi, Tibb İnstitutunun keçmiş prorektoru, tibb elmləri doktoru, professor Maqsud Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013-2019), geologiya-minerologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı akademik Akif Əlizadə, Hacı Qasımın nəticələri - Əfşan xanımın oğlanlarıdır.

Azərbaycan MK-nın keçmiş birinci katibi Kamran Bağırov, Respublika Elmlər Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Faiq Bağırzadə də Hacı Qasımın nəticələri - Dürrənin nəvələri, Məşədi Məmmədin oğullarıdır. Keçmiş mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Hacı Qasımın nəticəsi, Rzanın nəvəsi, Adilə xanımın oğludur.

Onu da ayrıca qeyd etmək lazımdır ki, Maqsud Əlizadə və Akif Əlizadə Faiq Bağırzadə və Kamran Bağırovun bibisi oğlanlarıdır. Bu böyük, tipik müsəlman şəhəri İrəvanın nəhəng ziyalı nəslinin nümayəndələrindən biri olan Faiq Məmməd oğlu Bağırzadə 1926-cı il mart ayının 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı şəhərindəki 132 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1943-cü ildə Məşədi Əzizbəyov adına, indiki Azərbaycan Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdu.

1947-1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant işləmişdi. 1949-cu ildə Sənaye İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirən Faiq Bağırzadə “Qobustanneftqaz kəşfiyyatı” trestinin “Qarabağ-Qaradaş” kontorunda mühəndis-geoloq kimi çalışmışdı. Neft və qaz yataqlarının geologiyası kafedrasının aspirantı olan Faiq Bağırzadə 1951 -ci ildə “Azneft” birliyinin dənizdə qazıntı axtarışı trestinin “Neft daşları”nda mühəndis vəzifəsini tutmuşdu.

Geologiya üzrə müxtəlif vəzifələrdə çalışan Faiq Bağırzadə bir an da elmdən ayrılmamış, onun fəaliyyətində sanki təcrübə ilə nəzəriyyə bir-birini tamamlayırdı. Gələcəyin böyük alimi Faiq Bağırzadə 1953-cü ildə “Abşeron yarımadasının sahilboyu və bitişik sahələrdə Qala dəstəsinin kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik elmi dərəcəsini alır.

Bundan on bir il sonra isə yəni 1964-cü ildə o, geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün “Abşeron neft-qazlı sahəsinin şərq hissəsində məhsuldar qatın alt şöbəsində neft və qaz yataqlarının yerləşmə və formalaşmasının qanunauyğunluqları” mövzusunda uğurla dissertasiya müdafiə edir.

Faiq Bağırzadə 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdi. Görkəmli alimin elmi yaradıcılığının təxminən 20 illi Azərbaycan Neft və Kimya İnstitutu ilə bağlı olmuşdu. Belə ki, 1952-1954-cü illərdə bu möhtəşəm ali məktəbdə o, assistent, 1954-1962-ci illərdə baş müəllim, dosent, 1962-1965-ci illərdə geoloji-kəşfiyyat fakültəsinin dekanı, 1965-1970-ci illərdə xarici tələbələr fakültəsinin dekanı, 1966-1970-ci illərdə neft və qaz yataqlarının geologiyası kafedrasının müdiri vəzifələrində çalışmışdı.

1970-ci ildə professor Faiq Bağırzadənin həyatında əlamətdar hadisə baş verir. O, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) rektor vəzifəsinə təyin olunur və uzun müddət respublikanın bu ilk ali məktəbinə başçılıq edir. Onun iştirakilə universitetin maddi-texniki bazası xeyli genişlənmiş, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılmış, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunmuşdu.

Faiq Bağırzadə rektor vəzifəsi ilə yanaşı, ADU-nun Elmi Şurasının, Sovet-İraq dostluğu cəmiyyətinin Azərbaycan bölməsinin, Azərbaycan Ali məktəb rektorları Şurasının sədri vəzifələrini də şərəflə yerinə yetirmişdi. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, ADU-nun (indiki BDU) keçmiş rektoru, professor Yəhya Məmmədov Faiq Bağırzadənin rektorluq dövründən danışarkən qeyd edir ki, on il müddətində Universitetdə elmlər doktorlarının sayı 62 nəfərdən 145 nəfərə çatmışdı. Şübhəsiz ki, əgər söhbət elmdən, elm adamından gedirsə, ilk növbədə Faiq Bağırzadənin elmi yaradıcılığını qabarıq şəkildə təqdim etmək lazım gəlir.

Faiq Bağırzadə geologiya və neft geologiyasının müxtəlif problemləri üzrə 100-dən artıq elmi əsər, o cümlədən 15-ə qədər monoqrafiya, dərslik və dərs vəsaiti çap etdirmişdi. Zəhmətkeş alimin müxtəlif vaxtlarda nəşr etdirdiyi “Azərbaycanın neft və qaz yataqları geologiyası” (1958), “Azərbaycanın neft-qaz sahələrinin geologiyası” (1973), “Neft-qazlı sahələrin geologiyası” (1962), “Neftçilərə aid ümumi və neft geologiyasının bəzi məsəlləri” (1960), “Dəniz-neft-qaz geologiyasının əsasları” (1974), “Cənubi Xəzər çökəkliyinin akvatorial hissəsində neft- qaz yataqlarının formalaşması” (1969), “Abşeron-Balkanyanı astanası neft və qazının geokimyası” (1974), “Neft-qaz yataqlarının tətbiqi geokimyası” (1985) monoqrafiyaları və digər əsərləri Azərbaycanda geologiya elminin inkişafında mühüm rol oynamışdı.

Əldə olan məlumat və faktlar əsaslı surətdə təsdiq edir ki, akademik Faiq Bağırzadənin elmi və ictimai fəaliyyəti nə doğma Azərbaycanla, nə də keçmiş Sovet İttifaqı ilə məhdudlaşmamışdı.

O, 1964-1965-ci illərdə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Birma Respublikasında Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsində işləmişdi. Ranqun Texnoloji İnstitutunda (Birma) məruzələr oxumuş və ingilis dilində “Neft və yeraltı geologiya” mühazirələr məcmuəsini (Ranqun, Texnoloji İnstitutu 1965) nəşr etdirmişdi. O dövrdə yaşayan və həmin dövrün ab-havasına bələd olan elm adamları yaxşı bilirlər ki, o zaman nə xaricə getmək, nə də xarici ölkədə kitab nəşr etdirmək o qədər də asan iş deyildi. Bunu yalnız Faiq Bağırzadə kimi tək-tək, daha doğrusu, barmaqla sayılacaq alimlər, elm adamları, böyük insanlar, dövlətin inamını qazanmış şəxslər edə bilərdilər.

1971-1975-ci illərdə Azərbaycan Dövlət Universiteti ilə Bəsrə (İraq) və Sarayevo (YSFSR) universitetləri, həmçinin Çexoslovakiya ali məktəbləri (Pardulitse, Bratislava, Praqa) arasında elmi əlaqələrin yaranmasında və bu əlaqələrin sonrakı inkişafında Faiq Bağırzadə fəal iştirak etmişdi. Zəhmətkeş alim, bacarıqlı təhsil təşkilatçısı Faiq Bağırzadənin yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük əməyi olmuşdu. Onun elmi rəhbərliyi altında Azərbaycan, keçmiş SSRİ respublikaları və xarici ölkələrdən olan xeyli aspirantlar namizədlik dissertasiyaları müdafiə etmişlə.

Faiq Bağırzadə 1972-1986-cı illərdə Azərbaycan SSR Ali Məktəb Rektorlar şurasının sədri olmuşdu.

1980-ci ildə Faiq Bağırzadə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdü. Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmiş bu böyük insan, əsl vətəndaş respublikanın ictimai-siyasi həyatında da fəal iştirak etmişdi.

O, 1971-ci ildən başlayaraq Azərbaycan KP MK üzvlüyünə namizəd, uzun müddət üzv, Respublika Ali Sovetinin səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırışları üzrə deputat seçilmişdi. Akademik Faiq Bağırzadənin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, o dövrün bir sıra yüksək mükafatları - Oktyabr inqilabı, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, S.İ.Vavilov adına medalla və digər orden və medallarla təltif olunmuşdu.

O, 1988-ci il martın 30-da Bakı şəhərində vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub"./Teleqraf.az/

Tehsil-press.az

Oxşar xəbərlər