"Qalatasaray" əlimizdən qurtula bilməyəcək"

Türkiyə Superliqası çərçivəsində martın 29-da "Qalatasaray"ı qəbul edəcək "Beşiktaş" oyuna çox ciddi köklənib.

"Ağ qaralar"ın prezidenti Serdar Adalı komanda ilə görüşündə qələbəyə görə onlara klub tarixinin ən yüksək pul mükafatını söz verib.

Mükafatın məbləği açıqlanmasa da, "Beşiktaş"ın rəhbəri görüş zamanı təsirli sözlərdən istifadə edib: "Ədalətsiz, haqsız hakim atmacalarından sonra rəqibin bütün planlarını darmadağın etmək lazımdır. "Qalatasaray" əlimizdən qurtula bilməyəcək. Sizə tam güvənirəm".

Ancaq "Qalatasaray" İstanbul derbisinə aşkar favorit qismində çıxacaq. Okan Burukun yetirmələri 71 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşırlar. "Cim Bom" cari mövsüm məğlubiyyət acısı dadmayıb. Həmçinin İstanbul derbisində "Qalatasaray"ı üstələmək müşkül məsələyə çevrilib.

Qarşıdakı matç "Beşiktaş" üçün həm də revanş xarakteri daşıyır. Komanda ilk dövrədəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Təbii ki, bundan ötrü ilk növbədə rəqibin "qol maşını" Viktor Osimheni dayandırmaq lazımdır. Nigeriyalı hücumçu "Qalatasaray"ın heyətində 22 oyunda 20 qol vurub.

Qeyd edək ki, derbi sabah Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər