Azərbaycan iqtisad elminin xarizmatik cəfakeşi

Azərbaycan iqtisad elminin xarizmatik cəfakeşi Professor Zahid Məmmədov – 60

Hər bir fəaliyyət sahəsinin özünəməxsus xüsusiyyətləri və xarizmatik elementləri olur. İstedadlı insan odur ki, həyat fəaliyyətində peşə bacarıqları, davarnışları, məhsuldarlığı, səmərəli fəaliyyəti ilə bərabər, həm də həyata, cəmiyyətə, dövlətə, millətə və insanlara münasibətə xarizmatik keyfiyyətləri ilə diqqət çəkir. Azərbaycan iqtisad elminin tanınmış siması, dünyanın bir çox ölkələrində elmi əsərləri dərc olunmuş və yüksək qiymətləndirilmiş iqtisad elmləri doktoru, professor, əməkdar müəllim Zahid Fərrux oğlu Məmmədov məhz belə keyfiyyətləri və insani xüsusiyyətləri ilə nəinki ölkəmizdə və həmçinin onun hüdudlarından uzaqlarda belə tanınmışdır.
Professor Zahid Məmmədovu fərqləndirən bir qrup xüsusiyyətləri ümumiləşdirmək istərdik:

1) Məhsuldar tədqiqatçı-alim kimi daim fəaliyyətdədir. Xüsusilə, maliyyə (o cümlədən islam maliyyəsi), bankçılıq və iqtisadi idarəetmə sahələrində dərin məzmunlu tədqiqatları, dərslikləri ilə fərqlənir.

2) Müasir dünyamızın reallıqlarına və çağırışlarına adekvat olaraq öz üzərində çalışmağı və yenilikləri mənimsəməyi vacib hesab edir.

3) Qlobal iqtisadi və maliyyə transformasiyalarına dair xüsusi baxışları və yanaşmaları vardır, bunlar elmi polemikalarda yüksək qiymətləndirilir.

4) Elmi fəaliyyəti ilə yanaşı, cəmiyyətdə baş verən proseslərə biganə qala bilmir, daim publik çıxışları və faydalı diskussiyaları ilə yüz minlərlə insanların rəğbətini qazanmışdır.

5) Azərbaycan iqtisad elminin məhsuldar və yorulmaz nümayəndəsi kimi müxtəlif ölkələrdə beynəlxalq tədbirlərdə çıxışlar və məruzələr edir, elmi məqalələr nəşr etdirir.

6) Gözəl insan və həyat eşqindən doymayan bir ziyalı - alim kimi elmi-ictimai fəaliyyəti ilə gənclərə örnəkdir və s.

Professor Zahid Məmmədov elmi fəaliyyətində məzmunlu və dərin analitik yanaşma və dünya görüşü ilə fərqlənən alimlərdəndir. Elmi biliklərin geniş auditoriyaya çatdırılması ilə kifayətlənməyən alim-pedaqoq, bu biliklərin real iqtisadiyyata transferini və tətbiqini vacib sayır. Kreativ və səmərəli təklifləri ilə milli iqtisadiyyatımızın inkişafına töhfələr verməyə çalışır və ümumilikdə iqtisad elminin müxtəlif istiqamətləri üzrə aktual problemlərə dair araşdırmalar aparır. Onun rəhbərliyi altında bir qrup doktorantlar elmin kəşməkeşli yollarında uğurla addımlamaqdadırlar və artıq bir çoxları bacarıqlı alim – tədqiqatçı kimi formalaşmışlar.

Professor Zahid Məmmədov 1990-1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspiranturasını bitirmişdir. Daha sonra 1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Finans və Bankçılıq ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktorantura proqramı üzrə təhsil almışdır. 2003–2005-cı illərdə isə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli iqtisad elmləri doktoru proqramı üzrə təhsil almış, iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş və bir müddət bu şəhərdə gənc mütəxəssis kimi fəaliyyət göstərmişdir.

Professor Zahid Məmmədov müstəqil Azərbaycanın uğurları üçün fəaliyyət göstərməkdən ötrü, keçmiş SSRİ-nin süqutundan sonra bütün diqqətini ölkəmizdə gedən sosial-iqtisadi inkişaf proseslərinə yönəltmiş və elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirmişdir. 1994–2011-ci "Bank işi" kafedrasında baş müəllim, dosent vəzifələrində işləmişdir. 2011–2013-cü illərdə həmin kafedranın professoru, 2013–2016-cı illərdə isə kafedra müdiri vəzifələrini tutmuşdur. O, 2016–2018-ci illərdə Universitetin "Elm" şöbəsinin müdiri olmuş və 2018-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru vəzifəsində işləyir.

Professor Zahid Məmmədovun elmi yaradıcılığı çoxşaxəli və zəngindir. 12 dərslik, 25 monoqrafiya, 5 metodik vəsait və 15 tədris proqramının müəllifidir. Bunlarla yanaşı, istedadlı və məhsuldar tədqiqatçı-alimin 100-dən çox elmi məqaləsi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilmişdir. Professorun "Bank fəaliyyətinin əsasları", "Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi", "Pul, kredit, banklar", "Деньги, кредит, банки", "Bank işi" (2 cildlik), "Maliyyə bazarları", “Банковский сектор Азербайджана: Новые вызовы и возможности”, “Зеленая экономика: наука, образование и инновации” Yaşıl iqtisadiyyat: Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli” və s. elmi əsərləri nüfuzlu elmi dairələr, alim və tədqiqatçılar, tələbələr tərəfindən yüksək qiymətləndirilmişdir.

Professor Zahid Məmmədov həm də nüfuzlu iqtisadçı-ekspert kimi səmərəli fəaliyyəti ilə tanınır. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında iqtisadiyyat elmləri üzrə ekspert şurasının üzvi və ekspert şurasının sədr müavini olmuşdur. Uzun illərdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində yaradılan dissertasiya şurasının fəal üzvlərindən biridir. Eyni zamanda, bir çox nüfuzlu iqtisad elmləri üzrə ixtisaslaşmış jurnalların redaksiya heyətinin üzvidir.

Professor Zahid Məmmədov Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən elmi-praktiki konfransların fəal iştirakçısı və əsas məruzəçisi kimi də səmərəli fəaliyyət göstərir. 2023-cü ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda baş məruzəçi statusunda iştirak etmişdir. 2024-cü ilin aprelində yenə Sankt-Peterburqda keçirilən "Universitet təhsilinin memarlığı: strateji təşəbbüslər və effektiv həllər" mövzusundakı beynəlxalq konfransda "Müasir universitetlərdə elmi fəaliyyətin təhlili: ümumi problemlər və fərqli yanaşmalar" mövzusunda samballı məruzə ilə yadda qalmışdır.

Professor Zahid Məmmədov elmi-tədqiqatları ilə yanaşı, fəal şəkildə kütləvi informasiya vasitələrində, o cümlədən müxtəlif rakuslu televiziya verilişlərində və saytlarda orijinal, məzmunlu çıxışları ilə böyük nüfuz qazanmışdır və bu fəaliyyətini intensiv şəkildə davam etdirir.

Qeyd edək ki, professor Zahid Məmmədovun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərman"ı ilə mükafatlandırılmış və 2015-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi" döş nişanı almışdir. Ölkə Prezidentinin sərəncamı ilə 2020-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

60 illik yubileyini qeyd edən professor Zahid Məmmədov ömrünün və elmi-pedaqoji fəaliyyətinin ən yetkin dövrünü yaşayır. Doğma UNEC-in dünya universitetləri sırasında irəliləməsi, müstəqil və suveren Azərbaycanımız üçün daha bacarıqlı mütəxəssislərin hazırlanması, ölkəmizin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətlərində faydalı tədqiqatların aparılması baxımından görüləsi işlər çoxdur. 60 illik yubileyi münasibətilə professor Zahid Məmmədovu təbrik edir, sağlam ömür və daha böyük elmi-pedaqoji nailiyyətlər arzulayırıq.

Azərbaycan iqtisad elminin xarizmatik cəfakeşi
Azərbaycan iqtisad elminin xarizmatik cəfakeşi


ŞƏFA ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri


Tehsil-press.az

Oxşar xəbərlər