Mirzə Ağabəyli: Filmdə Baladadaşın başındakı papaq mənimdir, özümü bəyənmədilər, papağımı çəkdilər - MÜSAHİBƏ

Mirzə Ağabəyli: Filmdə Baladadaşın başındakı papaq mənimdir, özümü bəyənmədilər, papağımı çəkdilər - MÜSAHİBƏ – Alə, gəlün çıxın da, – müsahibim bizi Akademik Milli Dram Teatrının həyətinə girər-girməz yaxalayır.

– Biz ki gecikməmişik, hələ vaxta beş dəqiqə var, – tez-bazar saatımı yoxlayıb cavab verirəm.

– Sənə deməyiblər ki, bakılılarla mübahisə eləmək olmaz? – görüşürük, məni özünə tərəf çəkib bir xeyli saxlayır, – mən səndən tez gəlmişəm, demək, gecikmisən.

– Elə bakılılar demiş, sizin səsinizi eşidəndə elə bilirəm, haradansa sərin Bakı küləyi əsir, kimsə haradasa əncir ağacına dırmaşır, nə bilim, bağ evləri, dəniz, qumsal gəlir gözümün qabağına... – müsahibimin könlünü almağa çalışıram.

Ayaq saxlayıb məni başdan-ayağa süzür.

– Əla, xoşum gəldi, sən bakılıların tərifini verdin elə bil. Söhbətimiz yaxşı alınacaq, – binanın qapısını açıb bizi içəri dəvət edir, – çoxdandır, məndən müsahibə götürən yox idi, keç içəri, ürəyim doludur...

Əməkdar artist Mirzə Ağabəyli ilə müsahibəni təqdim edirik:

– Mirzə bəy, adamlar küçədə sizi görəndə tanıyırlar?

– Əlbəttə, o qədər olur ki...

– Daha çox hansı roldan tanıyırlar?

– Hərə bir cür xatırlayır. Amma “Yük” filmindən daha çox olur – orada Ağa Musa Nağıyevi canlandırmışam. Sonra “Evləri köndələn yar”da bəyi. Oradakı obrazım danışmır, amma nəsə adamlara çox tanışdır, yəqin, efirdə tez-tez verirlər. Sonra “Qəzəlxan” filmindən də xatırlayanlar olur. O mənim ilk filmim olub.

– Filmlərdən danışacağıq, əvvəlcə teatrdan başlayaq. Hazırda aktiv hansı tamaşanız var?

– Hazırda aktiv tamaşam yoxdur. Əvvəl “Vəsiyyət” var idi. Onu o zaman Azər Paşa Nemətov səhnədən götürdü – baxmayaraq ki, çox uğurlu idi. Hüseynbala Mirələmovun pyesi idi. Azər Paşa Nemətovla aralarında nəsə oldu, ya olmadı, dəqiq bilmirəm, amma o tamaşa birdən-birə yığışdırıldı. Bilirsən, mən açıq danışmağı xoşlayan adamam. Azər Paşa Nemətov bir az özünü tərifləməyi sevən adam idi. Ona görə başqa rejissorlara imkan vermirdi, daha çox özünü qabağa çıxarırdı. “Vəsiyyət”in rejissoru onun tələbəsi idi (Əməkdar artist Firudin Məhərrəmov, – N.P), ona görə də müəyyən qısqanclıq məsələsi yaranmışdı.

Sonra “Qarabağnamə” tamaşasında da rolum var idi. Onun da quruluşçu rejissoru Mərahim Fərzəlibəyov idi. İndi o da səhnəyə qoyulmur. Yəni, dediyim kimi, hazırda aktiv rolum yoxdur.

– Kifayət qədər yeni tamaşalar qoyulur axı. Niyə rolunuz yoxdur?

– Vallah, nə deyim, bilmirəm. Bu barədə heç bir fikrim yoxdur. Mənim oynadığım tamaşalar gördüyün kimi yavaş-yavaş repertuardan çıxarılır. Vəziyyət belədir. Ümumilikdə, son zamanlar teatrda mənə rol verilmir, bu da məni məyus edir.

– Səbəb nədir, ay Mirzə bəy, səbəb?

– Bu sual mənə veriləcək sual deyil, a kişi!

Yerindən qalxıb kreslosunu düzəldir. Bir anlıq mənə elə gəlir ki, sualım onu hiddətləndirib özündən çıxardı. Amma təzədən oturub sakit tempdə davam edir.

Rejissor var, bədii rəhbər var... Direktor var. O vaxt Azər Paşa Nemətov bunların hamısı idi, bütün vəzifələr onun idi. Nə bilim?! Ümumilikdə, görünür, rejissorlar, rəhbərlər elə düşünür ki, Mirzəlik rol yoxdur. Amma oynamaq istəyirəm, ürəyim sıxılır. Rol vermirlər, verməsinlər, heç olmasa, dublyor olum, ən azından, özümü göstərə bilim.

– Teatr sarıdan əvvəlcədən bəxtiniz gətirməyib elə. Düz üç dəfə sənədlərinizi Azərbaycan Dövlət İncəsənət İnstitutu (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red) vermisiniz, amma sizi kəsiblər.

– Elədir. Çox istəyirdim, istəkli idim, amma nəsə alınmırdı.

– Niyə kəsirdilər ki?

– Nə bilim? Mən də sənin kimi. Görünür, kimsə tapşırmalı imiş. Üçüncü il bir də sənədlərimi verəndə düşündüm ki, bu dəfə də alınmasa, Pedaqoji İnstituta (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti, – N.P) qəbul olaram, oradan sonra yerdəyişmə edərəm. Yəni əlacım kəsilmişdi, qardaş, məni götürmürdülər. Amma elə oldu ki, üçüncü dəfə artıq keçə bildim. Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib, Şəfiqə Axundova... Məndən imtahan götürən adamlara bax. Adları eşidəndə adamı tər aparır. Dedim, vəssalam, yenə batdım. O vaxt Mehdi Məmmədov özü kurs açmışdı, ona görə bir növ özünə tələbə seçirdi. Xülasə, çox ağır, məsuliyyətli bir imtahan oldu. Təmsildən, şeirdən tutmuş, mahnı oxumağa qədər, hər şey elədim. Axırı özümü bəyəndirə bildim.

Amma cavablar açıqlanan günü qəribə bir şey oldu. Hamı toplanıb bir yerdə cavabları gözləyən vaxt başladılar bir-bir adları oxumağa. Mənim nömrəm 57 idi. Saydılar, saydılar, mənim rəqəmim çıxmadı. Təmiz qanım qaraldı. Üçüncü dəfə də kəsilmişəm, inan hirsimi tökməyə yer axtarıram. Çox pis oldum. Bir qəfil nəticəni oxuyan qayıtdı ki, bəs kimin rəqəmi səslənibsə, onlar kəsilib, kimin ki rəqəmi çıxmayıb, onlar imtahanı keçiblər. Belə şey olar?! Hamı şokda idi, o nə idi, niyə elə bir şey oldu, mən hələ də baş açmamışam. Təsəvvür elə, əvvəl gülənlər başladı ağlamağa, ağlayanlar da gülməyə. Belə. Axırı üçüncü cəhddə qəbul ola bildim.

– Bir ara yaş məsələsinə görə aktyorların teatrdan uzaqlaşdırılması halları var idi. Sizə bununla bağlı nəsə deyilməyib?

– Yox, dediyin kimi, əvvəl belə söhbətlər var idi. İndi hələ ki yaş məsələsinə görə teatrdan uzaqlaşdırılma yoxdur. Yəni, ən azından, mənə deyilməyib. Bilirsən, elə rol var ki, onu ancaq yaşlı bir adam oynamalıdır. Onu nəzərə alırlar, yəqin, ona görə saxlayırlar.

– Bəs “AzDrama”dakı son qalmaqala münasibətiniz necədir? Mehriban Xanlarova bədii rəhbər Mehriban Ələkbərzadənin buraya başqa teatrlardan aktyor, aktrisa dəvət etməsinə qarşı çıxır.

– Bilirsən, mən özümə aid olmayan məsələlərə qarışmağı sevmirəm.

– Yox, bu heç də subyektiv bir məsələ deyil. Gəlin razılaşaq ki, ümumi teatrı əlaqədar edən məsələdir.

– Yaxşı, mən səninlə razılaşdım. Amma hər kəsin də özünə görə fikri var. O elə düşünüb və fikrini bildirib. Amma mən elə hesab edirəm ki, sözü olan gedib həmin adama şəxsən deməlidir, bu şəkildə mətbuatda hay-küy salmaq yaxşı çıxmır. Sözün var, iradın var, lap yaxşı, get özünə de, vəssalam.

– Siz gəlin mənim sualıma konkret cavab verin. “AzDrama”ya başqa teatrdan aktyor, aktrisa dəvət olunması sizə görə normaldır, ya yox?

– Nə olar ki dəvət edəndə? Burada belə dəhşətli nəsə yoxdur. Ola bilər, istedadı var, qabiliyyəti var, ona da şərait yaradılır. O istedadı göstərmək üçün meydan lazımdır, o meydan da olsun lap “AzDrama”. Tamaşanın rəhbəri rejissordur, məsuliyyəti də onundur.

– Fəxri ad məsələsi barədə nə düşünürsünüz? Aktyor camiəsi bu məsələni tez-tez gündəmə gətirir.

– Mən 2008-ci ildə əməkdar artist adı almışam. Bəli, artıq düşünürəm ki, növbəti ad məsələm gecikir, çünki 70 yaşım var. Bilirsən, adlarla bağlı problem həmişə olub. Tək indi deyil. Rəhmətlik Fazil Salayev, Ceyhun Mirzəyev məgər pis aktyor idi? Görürsən, adsız gediblər. Biz indi ad üçün çalışırıq. Çünki adın yanında bir az mükafat da olur. Yaşamaq lazımdır, dolanmaq lazımdır, bu reallıqdır. Evdə uşaq var, ailə var.

– Onda elə, ya belə, ad sizin üçün əhəmiyyətlidir.

– Mənim üçün ad əsas deyil. Qətiyyən. Amma bəzən baxırsan ki, haqsızlıqlar olur. Kiminsə irili-xırdalı, dəxilli-dəxilsiz çəkildiyi bütün filmlərin siyahısını dərc edirlər, aparıb verirlər lazımi yerlərə və ad alırlar. Siyahıya baxanda adamın gözü qaralır. Baxan da deyir ki, bu adam elə gecə-gündüz rol oynayıb, səhnəyə çıxıb, setdə olub ki... Nə bilim, əşi? Adam, həqiqətən, bəzən çox əsəbiləşir.

– Mirzə bəy, aktyor hansısa filmdə, tamaşada rol alıbsa, tərcümeyi-halında elə, ya belə əks olunması normal deyil? Məsələn, siz “Əqrəb mövsümü”ndə epizodik rol oynamısınız və bu sizin şəxsi işinizdə var. Olmalıdır.

– Nə bilim? Mən belə hesab eləmirəm. O dediyin xırda rollar sabah ümumi siyahıya təsir edir. Nəticədə, adlar lazımi ünvana çatmır. Bu da adamı yandırır.

Yenə təkrar edirəm, Ceyhun Mirzəyev bircə rolu ilə onlarla boş, mənasız filmə görə ad alanlardan üstün olduğunu sübut edib. O vaxtın rejissorlarının çoxu, – adam heç onlara rəhmət də diləmək istəmir, – boyu balaca olduğuna görə ona rol vermirdilər, haqsızlıq elədilər.

Burada elə aktyorlar olub ki, ad vermirdilər, gedib televizorda teatr haqqında nə gəldi, necə gəldi, danışırdı, tənqid edirdi, aləmi qatırdı bir-birinə. Nəticədə, qorxudan tez-bazar götürüb ad verirdilər ona. Təki kirisin, səsi kəsilsin. O vaxt da belə idi, indi də, gərək üzün olsun, gərək üzə salasan.

Mən hazırda nə mükafat alıram, nə də ki rolum var... Belə çətindir. Çox çətindir. Azər Paşa Nemətova dedim ki, mənim adımı niyə təqaüd alanlar siyahısına salmırsınız? Mənə baxdı, baxdı, sonra siqaretini yandırıb getdi, heç nə demədi. Bu təqaüd teatr üçün can qoyan adamlar üçündür. Amma bəzən görürsən ki, adlar, təqaüdlər lazımi yerlərə çatmır.

– Bəs indi necə? Bədii rəhbər Mehriban xanıma müraciət etmisiniz?

– Yox, düzü, deməmişəm. Amma düşünürəm ki, yəqin, məni də nəzərdə tutar.

– Aydındır. Yaxşı, qayıdaq kinoya. Bayaq dedik ki, kinoya gəlişiniz “Qəzəlxan” filmi ilə olub.

– “Qəzəlxan”a qədər məni bir neçə film üçün kastinqə çağırıb bəyənməmişdilər. “Baladadaşın ilk məhəbbəti” üçün əsas rola dörd-beş aktyor çağırmışdılar, onlardan biri də mən idim. Alınmadı, məni seçmədilər, amma filmdə Şamil Süleymanovun başındakı papaq mənimdir. Dedilər, yaxşı papağın var, əsl bu rol üçündür. Razılaşdım, dedim, özüm çəkilə bilmədim, qoy papağım çəkilsin, bu da bir işdir. Aldılar, özümü də yola saldılar ki, get. Ondan sonra məndə küskünlük yarandı, acıq elədim. Çağırırdılar, getmirdim.

“Qəzəlxan” filminin çəkilişləri başlayan vaxt Şahmar Ələkbərov (Xalq artisti, rejissor, aktyor, – N.P) məni çağırdı. Orada da Ağahüseyn obrazı üçün bir xeyli aktyor çağırmışdılar, nə bilim, on-on beş nəfər. Adil Azay (Əməkdar incəsənət xadimi, rejissor, – N.P) məni görübmüş, elə o təklif edib ki, Mirzə əsl bu obraz üçündür. Şahmar da razılaşıb, deyib çağırın gəlsin. Getmədim. Bir-iki gün sonra Şahmar Ələkbərov yenə xəbər göndərdi ki, orada Mirzə kimdir? Lotudur məgər? Onu dəvət edirəm, gəlmir. Məni Həsənağa Turabova (Xalq artisti, rejissor, aktyor, – N.P) şikayət edib.

Məşqlərin birində Həsənağa Turabov yaxınlaşıb dedi ki, Mirzə, sən belə böyük aktyorsan? Dedim, niyə ki? Dedi, necə yəni niyə? Şahmar sənə neçə dəfə xəbər göndərib, niyə getmirsən? Dedim ki, çağırırlar, baxırlar, bəyənmirlər, boş yerə vaxtım gedir. Mən də getmirəm. Dedi, mən sənə deyirəm ki, get. Xülasə, getdim. Tanışlıq verən kimi Şahmar Ələkbərov əllərini masaya çırpıb qalxdı ki, sən məni saymırsan? Sənin arxanca adam göndərməliyik? Bir az danlayıb sakitləşdi.

Səhəri gün Loğman Kərimovla birgə səhnəni oynayacaqdıq. Səhəri gəldim, dedilər, birisigün. Düz iyirmi gün belə uzatdılar, hər gün bir bəhanə. Day təngə gəlmişdim. Getdim, dedim ki, ay Şahmar müəllim, belə olmaz axı! Mən artıq yorulmuşam. Səsimi əməlli-başlı qaldırmışdım. Şahmar Ələkbərov bir az mənə baxdı-baxdı, qayıtdı ki, elə mən də bunu istəyirdim. Mənə sənin əsəbiləşməyin lazım idi. Sən çoxdan təsdiq olunmusan. Mətnini götür, əzbərlə. Beləcə o filmə çəkildim. Ondan sonra isə “Yük” filmi oldu, orada da Ağa Musa Nağıyevi oynamışam.

– Məncə, elə ən uğurlu rolunuz Ağa Musa Nağıyev roludur.

– Elə deyirlər. Mən də elə düşünürəm. Daha çox o obrazla yadda qalmışam. Bilirsən, mən sənə bir söz deyim, bu gün rejissor çatışmazlığı var. Ona görə də kino ilə bağlı problemlər çoxdur.

– Mən sizinlə yenə razı deyiləm. Məncə, kinonun bugünkü problemi daha çox ssenaridir.

– Sən bu gün mənimlə nə vaxtsa razılaşacaqsan, ya yox? (Gülür) Ssenari cəhətdən axsaqlıq var, bəs rejissor? Aktyoru aktyor edən kimdir? Rejissor. Yaxşı rejissor varsa, kino da ayaqdadır, aktyor da, aktrisa da.

Tək kinoda deyil, indi mədəniyyətin hər sahəsində çox ciddi boşluqlar var. Çünki korifeylər artıq yoxdur. Onlar dünyadan köçdükcə öz yerlərində, öz sahələrində boşluqlar yaranır.

– Yaxşı, aydındır. Müasir yerli filmlərin, serialların ssenariləri necə, sizi qane edir? Ara-sıra müəyyən rollarınız olur.

– İndi hansında oynamışamsa, azdan-çoxdan qane olmuşam, deməli. Amma elələri olur, baxırsan ki, heç nə. İmtina edirəm.

– Bayaq ötəri toxunduq, “Əqrəb mövsümü”ndə də çəkilmisiniz. Oradakı rəqsiniz əməlli başlı danışıldı, bir xeyli gündəmdə qaldı. “Yük” filmində də sonluğa yaxın maraqlı bir rəqsiniz var. Məsləhət kimi çıxmasın, kinoda oynamaq sizə düşür, nəzərinizdə olsun.

– Hə, elədir, yaxşı dedin onu (gülür), nəzərə alacam. Rol adama ləzzət edəndə, obrazı hiss edəndə unudursan da hər şeyi, kameranı, aparatı-filan. Nəticədə, sən dediyin rəqslər ortaya çıxır. “Yük” filmi çəkilən ərəfədə Şahmar Ələkbərovun qızlarının toyunda “Heyvagülü” rəqsinə oynamışdım. Ondan sonra mənə dedi ki, sən qızların toyunda çox gözəl rəqs elədin, ona görə mən “Yük” filminin finalına rəqs səhnəsi salacağam, amma hələ bilmirəm necə olacaq. Bir qəfil qayıtdı ki, “Qağayı” rəqsi. Dedim, o nədir? Elə rəqs olar? Dedi, yoxdur da, amma biz onu yaratmalıyıq, sən orada “Qağayı” oynamalısan. Elə oldu ki, bəstəkar çəkilişə qədər o rəqsi yazıb çatdırmadı, mən də musiqisiz, eləcə rəqs elədim. Dənizin qırağında havaya düşüb rəqsimi etdim, sonra da əl-qol hərəkətlərimə baxıb rəqsi yazdılar.

– Çox maraqlı söhbətdir. Siz mənə deyin görüm, indi kinolardan aldığınız qonorar necədir?

– Vallah, min bərəkət, yoxdan ki yaxşıdır. “Əqrəb mövsümü”ndən 250 manat qonorar almışam. “Tağıyev” filmində də rolum var. O rola görə də 800 manat almışam. Yəni belə, min bərəkət. Deyim ki, hər şey yüksək səviyyədədir, yox, amma olan budur. Yaşımı nəzərə alsaq, 40 illik teatr-kino fəaliyyətimi nəzərə alsaq... əşi nəysə... day bəsdir, danışmaq istəmirəm.

Söhbətin havası ilə gəlib çıxırıq teatrın qarşısına. Mirzə bəy bir az da burada ayaqüstü giley-güzar edəndən sonra müsahibənin artıq başa çatdığını başa düşüb dayanır.

– De görüm, müsahibə nə vaxt çıxacaq? Mənə göndərəcəksən?

– Hə, əlbəttə. Yayımlanan kimi dərhal linki sizə göndərəcəyəm.

– Mən link-zad bilmirəm, deyirəm, 70 yaşım var, link nədir? Zəng vurub danışarsan, bir qonaqlıq məndən sənə...

Razılaşıb sağollaşırıq, amma son cümlənin nə dərəcədə ciddi olub-olmadığını bilmirəm. Bunu dəqiqləşdirməyin isə yalnız bircə yolu var – zəng etmək...

Tehsil-press.az

Oxşar xəbərlər