Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov

Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov "Hamlet Qurbanov çox qəribə insan idi. Heç kimə bənzəmirdi. Öz dünyası vardı. O dünyasına da heç kəsi buraxmırdı. Qapalı adam idi." Sənət dostları onu belə xarakterizə edirlər. Böyük aktyorluq istedadı onun qəribə xarakteri ilə çulğaşmışdı. Bu xüsusiyyətlərin birliyində Azərbaycan teatrı, televiziyası və kinosu üçün əvəzolunmaz rollar yaranmışdı...

Oktyabrın 13-ü mərhum aktyor Hamlet Qurbanovun doğum günüdür.

Sənət yoldaşları "Kaspi" qəzetinə onun haqqında həm böyük məhəbbət, həm də erkən itkisindən doğan dərin kədər hissi ilə danışıblar:

Milli Dram Teatrın qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "Hamlet məndən bir il əvvəl teatra gəlmişdi. Hələ Teatr İnstitutunda oxuduğu illərdə onun diplom tamaşasına baxıb çox bəyənmişdim. Nazim Hikmətin "Şöhrət və unudulan adam" əsərində oynadığı doktor obrazı demək olar ki, gənclik illərində oynayan aktyorların içərisində ən yüksək səviyyədə yaradılan bir obraz idi. Teatrda işlədiyi dövrdə də çox istedadlı aktyor kimi tanınırdı. Təbiətində bir az qeyri-adilik olsa da istər teatrda, istərsə də kinoda yaratdığı bütün obrazlar bir-birindən fərqli və maraqlı idi. Rejissorlarla münasibətdə çox vaxt obrazı təqdim etmək üçün öz istədiyinə nail olurdu. Onun obrazlara öz baxışı vardı. İndi də Hamletin oynadığı rollara baxanda tamaşaçılar hər bir rolunda aktyor oyununun qüdrətini görürlər". R.Əzimov sənət dostunun oynadığı obrazlarla unudulmaz xarakterlər yaratdığını deyir: "Elə təkcə "Topal Teymur" televiziya tamaşasını xatırlamaq kifayətdir. İstər Əmir Teymuru oynayan Hamlet Xanızadə, istərsə də İldırım Bəyazidi oynayan Hamlet Qurbanovun sonda üz-üzə gələrkən dialoqları böyük sənəti nümayiş etdirirdi. Hamlet də atası Ağadadaş Qurbanov, anası Gülzar Həsənova kimi sənət aləminin incisi idi".

Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu "Hamletlə işləmək o qədər asan deyildi. Onun öz dünyası vardı, qapalı adam idi", - deyə xatırlayır: "Hamletin düşündüyü ilə sənin təklifin bəzən üst-üstə düşmürdü, ancaq işləməyə yol tapırdın. Mən Hamleti dörd televiziya filmində - "Topal Teymur", "Günahsız Abdulla", "Yollar görüşəndə" və "Evləri köndələn yar"da çəkmişəm. Yadımdadır ki, "Topal Teymur"a bir çox aktyorları, həmçinin Fuad Poladovu dəvət etmişdim. İstəyirdim Fuad tamaşada Orxan rolunu oynasın. Sonra nədənsə alınmadı, o rolu Rafael Dadaşov oynadı. Tamaşa efirə çıxandan sonra Fuad mənə zəng edib dedi: "Açığı deyim ki, sən o rolu mənə təklif edəndə ürəyimdən İldırım Bəyazid obrazı keçirdi. Amma nə yaxşı ki, sən o rolu Hamlet Qurbanova vermisən". Siz aktyorun böyüklüyünə baxın. Ürəyindən keçəni deməyib, üstəlik aktyor yoldaşının uğuruna da sevinib. Fuad hər aktyoru bəyənməzdi. Əgər o Hamletin rolunu bəyənmişdisə, indi görün, o necə oynayıb ki, oyunu Fuadı da valeh etmişdi". Rejissor deyir ki, H.Qurbanov istədiyi rolları oynaya bilib: "Hamletin özünəməxsus danışıq tərzi vardı. Hərdən sözlərin tələffüzünü özünəməxsus şəkildə deyirdi. Roluna o qədər daxil olurdu ki, hətta özünü unudurdu. Heyf ki belə bir sənət adamını tez itirdik. Mən heç vaxt onu unutmuram!".

"Hamletin özünəməxsusluğu, qəribəliyi, heç kəsə bənzəməyən oyun tərzi vardı", - deyə Xalq artisti Rasim Balayev xatırlayır: "Hamlet hətta ömrünün axırlarında "Əliqulu evlənir"də Əliqulu obrazın da oynadı. Baxmayaraq ki, Ağasadıq Gəraybəyli o rola möhür vurmuşdu, Hamlet də özünəməxsus oynadı. Onun rolu da tamaşaçı tərəfindən sevildi və qəbul olundu".

Xalq artisti Səidə Quliyeva mərhum aktyorla bir neçə tamaşada tərəf-müqabil olduğunu xatırlayır: "Mən 1978-ci ildə teatra işləməyə gələndə rejissor Əşrəf Quliyev Şekspirin "Heç nədən hay-küy" tamaşasını hazırlayırdı. Mənə baş rollardan biri verilmişdi. Hamlet Qurbanov tamaşada mənim atamı oynayırdı. Əlbəttə, gənc aktrisanın belə bir teatrda, bu cür böyük sənətkarlarla addımlaması böyük qürur idi. Hamlet çox istedadlı aktyor idi. Elə bil onun qanından istedad axırdı. Onun hər sözü, hər baxışı gənc aktrisa üçün bir məktəb idi.

Daha sonra "Yollar görüşəndə" televiziya tamaşasında həm Hamlet Qurbanovla, həm də anası Gülxar Həsənova ilə birlikdə çəkildim. Nə yaxşı ki, Ramiz Həsənoğlu o tamaşada Gülxar xanıma rol verdi. Gülxar xanım Opera Teatrının bir çox tamaşalarında unudulmaz rollar yaratmışdı, amma televiziya tamaşasında oynadığı bir obrazla yaddaşlara həkk olundu". S.Quliyeva Hamlet Qurbanovun qeyri-adi xarakterindən danışır: "Hamlet çoxdanışan adam deyildi. Əvvəllər elə bilirdim o biganə insandır. Amma bir dəfə İrəvan Teatrında qastrolda olanda onun nə qədər unikal bir insan olduğunun şahidi oldum. Hərdən yemək masasında oturub söhbət edirdik. Mən onda başa düşdüm ki, ondan öyrənməli çox şey var. Çox qürurlanıram ki, Azərbaycan səhnəsində belə bir möhtəşəm aktyor olub. O, Tofiq Kazımovun ən çox sevdiyi aktyorlardan idi". S.Quliyeva sənət dostunun səhhətinə biganə yanaşmasını da xatırlayır: "Hamlet çox məhsuldar aktyor idi, amma səhhətinə o qədər də fikir vermirdi. O, hətta xəstə olanda da məşqlərə, tamaşalara gəlirdi. Məndən yaşda böyük idi, ona nəsə deməyə çəkinirdim. Amma "Ay Hamlet, belə vəziyyətdə niyə gəlirsən?" deyəndə "Evdə otura bilmirəm, xəstəliyimi də teatrın səhnəsində unuduram", - deyə cavab verirdi. Təəssüf ki, Hamletin şəxsi həyatındakı problemləri onun əhvalına və yaradıcılığına da sirayət edirdi. Hamleti dərin fikirlərə aparan həyatı vardı. Atası faciəli şəkildə vəfat etmişdi. Özü onkoloji xəstə idi. Ona yardım olmadı. Bütün bunlar ona pis təsir edirdi. Hamlet ağır şəraitdə dünyasını dəyişdi. Hamlet Qurbanov bu gün yada düşmür. Bizdə talesiz aktyorlar olub. Onlardan biri də Hamlet Qurbanov idi. Amma onun oynadığı rollar, yaratdığı xarakterlər yaddaşlarda əbədi qaldı".

Tehsil-press.az

Oxşar xəbərlər