ADU-da Zəfər Gününün 5 illiyi qeyd olunub

ADU-da Zəfər Gününün 5 illiyi qeyd olunub Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Qarabağ azaddır – Vətən” adlı tədbir keçirilib.

Universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və Vətən müharibəsi veteranlarının iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini və qonaqları Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılmış, xalqımızın birliyini, milli həmrəyliyini və dövlətinə sədaqətini parlaq şəkildə nümayiş etdirmişdir:

“Vətən müharibəsi qələbə ilə başa çatdı və biz qələbəyə layiq xalq olduğumuzu bütün dünyaya sübut etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız misli görünməmiş qəhrəmanlıq və şücaət göstərdi. Torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.”

Rektor vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlığı, igid əsgər və zabitlərimizin rəşadəti tariximizin şanlı səhifəsini təşkil edir. Qarabağ torpaqlarının azad edilməsində iştirak edən bütün Azərbaycan oğullarına dərin minnətdarlıq ifadə olunub.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov çıxış edərək keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, Zəfər Gününün mənəvi dəyəri hər bir azərbaycanlı üçün sonsuzdur və bu bayram xalqımızın azadlıq ruhunun təntənəsidir.

Tədbirdə həmçinin “Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov çıxış edərək İkinci Qarabağ müharibəsində rəşadət göstərmiş Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıqlarına həsr etdiyi filmin çəkiliş prosesindən danışıb:

“Biz müharibənin ilk günlərindən döyüş səhnələrini lentə almaq üçün cəbhəyə ezam olunmuşduq. Çox təhlükəli idi, amma biz Vətən qarşısında borcumuzu yerinə yetirməli idik və bunu etdik. Qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı azad etdikcə biz də həmin yerlərdə çəkiliş aparırdıq. Hadrutda olarkən Şuşanın azad edilməsi xəbərini eşitdik. Bir gün sonra Şuşaya gedəndə sevincimizin həddi-hüdudu yox idi. O anı sözlə ifadə etmək mümkün deyil.”

Rejissor qeyd edib ki, Azərbaycan xalqı bu Zəfəri öz qanı və canı bahasına əldə edib və qalib xalqın övladları kimi hər kəsin məsuliyyəti daha böyükdür.

Tədbirdə həmçinin Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aydın Eyvazov və İngilis-fransız dilləri fakültəsinin IV kurs tələbəsi Leyla Rzazadə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq, ədalət və ləyaqət uğrunda mübarizə aparıb və beş il öncə qazanılan Zəfər bu mübarizənin məntiqi nəticəsidir.

Çıxışlarda vurğulanıb ki, bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də ruhumuzun dirçəlişidir. Hər bir gənc, ziyalı və vətəndaş azad və qalib Azərbaycanın inkişafı üçün çalışmalıdır.

Tədbir tələbələrin ifasında təqdim olunan “Qarabağ azaddır – Vətən” adlı bədii kompozisiya ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər