7 noyabr 2025-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan tədbiri keçirilib. İclasdan əvvəl institutun Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun 13 sentyabr 2023-cü il tarixində şəhid olan oğlu Bəxtiyar Murаdоv yad edilib.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev çıxış edərək şəhidlərin qanı bahasına əldə olunan bu Qələbənin bizim üçün ən böyük dəyər, ən müqəddəs miras olduğunu söyləyib. Şəhidin ailəsinə kollektiv adından başsağlığı verib və səbir diləyib. Şəhidin xatirə guşəsinin önünə tər güllər düzülüb, qəhrəmanın ruhuna dualar oxunub.
Tədbirin ikinci hissəsi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq qarşıdan gələn Zəfər Günü münasibəti ilə institut əməkdaşlarını təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun misilsiz igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin, sadəcə bir Qələbə deyil, xalqımızın əsrlərlə davam edən ədalət mübarizəsinin, milli qürurunun və sarsılmaz iradəsinin təntənəsi olduğunu bildirib.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək iştirakçıları Zəfərin 5 illiyi və Konstitusiyamızın 30 illiyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarix yazdı, bütün dünyaya gücünü nümayiş etdirdi. Bu Qələbə sayəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, yenidən dirçələn şəhər və kəndlərimiz, geri qayıdan insanlar bu Zəfərin davamı, onun canlı sübutudur. Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümü nəzərə alınaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təşəbbüsü isə dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.
Daha sonra İnstitutun Təchizat və Xidmət şöbəsinin mühəndisi, ehtiyatda olan zabit Vaqif İbrahimov və Vətən müharibəsi iştirakçısı, Gözətçilər şöbəsinin rəisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru Şəmsəddin Hüseynov Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətindən, əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolundan, ön və arxa cəbhənin birliyindən danışıb, öz xatirələrini bölüşüblər.
Tədbirdən sonra institutun rəhbərliyi və əməkdaşları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Tehsil-press.az






