İkili diplom proqramının ilk tələbəsi olması münasibətilə Rəvan İdrislini təbrik edən rektor, ona dərslərə məsuliyyətlə yanaşmasını tövsiyə edib, təhsil həyatında uğurlar arzulayıb. Səadət Əliyeva Rəvan İdrislinin Avropada Azərbaycan gəncini və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təmsil edəcəyini və bu mənəvi borcun öhdəsindən böyük məsuliyyətlə gələcəyindən əmin olduğunu ifadə edib.
Rəvan İdrisli öz növbəsində ikili diplom proqramının özü üçün mükəmməl fürsət olduğunu bildirib və gözləntiləri haqqında danışıb. Proqram üzrə müvafiq qayda və prosedurlarla tanış olduğunu, Beynəlxalq əlaqələr şöbəsi, həmçinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən bütün məqamların ətraflı izah olunduğunu qeyd edən tələbə yaradılan şəraitə görə rektora təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanan müqaviləyə əsasən beynəlxalq ikili diplom proqramı MBA proqramının Marketinq istiqaməti üzrə həyata keçirilir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.
Tehsil-press.az