“Mehriban Ələkbərzadəyə görə məmurların “qəbuluna” düşmək fikrindəyəm”

“Mehriban Ələkbərzadəyə görə məmurların “qəbuluna” düşmək fikrindəyəm” "Təxminən 2 il öncə Mehriban Ələkbərzadə böyük ənənəsi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunub. Hazırladığı televerilişlər, apardığı reportajlara əsasən yaxından-uzaqdan tanıdığım bu qadınla vəzifəyə gətiriləndən sonra cəmi bir dəfə görüşüm olub".

Bunu yazıçı-dramaturq, AYB-nin Dramaturgiya bölümünün rəhbəri Firuz Mustafa yazıb.

O əlavə edib: "Bəli, qısa söhbət əsnasında belə məlum oldu ki, bu xanım incəsənət aləmində heç kəsi bəyənmir, sevmir, qəbul etmir. Ən böyük rejissor, jurnalist, publisist və hətta dramaturq məhz onun özüdür.

Həmsöhbətinə qulaq asmağı qətiyyən bacarmayan, müsahibinin sözünü mütəmadi kəsən Mehriban xanım daha çox monoloq deməyi xoşlayır. Görünür, buna görədir ki, o, teatrı bir “monoteatr” kimi, “bir rejissorun teatrı” kimi idarə etməyə üstünlük verir.

Şükür sənə və sənin yaratdığına, Xudaya!"

F. Mustafa qeydlərinin ardında yazır: "Əsasən öz həmkarlarının mətbuatda gedən yazılarından da görünür ki, bu adam indiyəcən ünsiyyətdə olduğu adamlarla düz-əməlli davrana bilməyib.

Bəli, onun vaxtilə dərs dediyi tələbə, bu günkü aktyor Emil Məlikov haqlıdır: “Vaxtilə Mehriban Ələkbərzadənin magistratura üzrə kurs rəhbərliyindən rəsmi qaydada imtina edərək, başqa bir müəllim tələb etmişdim. Buna da nail olmuşdum. Keçmişindən qazanılmış sevgisizlik travması olan qəddar, narsist bir adamın teatrda rəhbər vəzifədə olması düzgün deyil”.

Bəli, tanınmış aktrisa Məsmə Aslan doğru deyir: “Bu gün mədəniyyət ocağına mədəniyyətdən uzaq bir insan rəhbərlik edir”.

Bəli, məşhur kino və teatr aktrisası Mehriban Xanlarova bədii rəhbərə müraciətində səhv etmir: “Siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki işçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz”.

Bəli, rejissor-aktrisa Məlahət Abbasovanın harayı təsadüfi deyil: “Mehriban Ələkbərzadə qısqancdır, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz uğursuzluğunun intiqamını sənət adamlarından çıxır. Tamaşaları zəif və plagiatdır".

Bəli, görkəmli səhnə ustası Əli Nur doğru buyurur: “Mehriban Ələkbərzadə teatrdan içəri girməyə layiq deyil”.

Bu xanımın fəaliyyəti haqqında deyilən iqtibasların sayını yenə artırmaq olar.

Öz çıxışlarında tez-tez filankəs “qəbuluma gəldi”, fəsməkan “qəbulumda oldu”-deyərək qürrələnən bu xanımdan soruşmaq lazımdır: Hansı mədəniyyət qurumunda indiyəcən “qəbul vaxtı” olub?

Şəxsən mən indiyəcən mədəniyyət nazirlərinin, teatr rəhbərlərinin belə bir ciddi qəbul gününün və ya saatının olduğunu görməmişəm. Bu xanımdan onu da soruşmaq lazımdır ki, vaxtilə çalışdığı qurumlarda - teleradio və universitetdə sədrin, baş redaktorun, rektorun qəbuluna adamlar hansı “qəbul saatları"nda gedirdilər və ya ümumiyyətlə, belə bir “qəbul vaxtı” olurdumu?

“Qəbul vaxtı” demişkən, mən özüm də macal tapıb bu dediyim məsələlərə görə bəzi məsul məmurların “qəbuluna” düşmək fikrindəyəm".

Tehsil-press.az

Oxşar xəbərlər