Prezidentdən medianın 150 illik yubileyinə yüksək dəyər: Xankəndidən tarixi mesaj

Prezidentdən medianın 150 illik yubileyinə yüksək dəyər: Xankəndidən tarixi mesaj Milli mətbuatımızın əsasının qoyulmasının 150 illiyi ərəfəsində Xankəndidə Konqres Mərkəzində baş tutan III Şuşa Qlobal Media Forumu təkcə informasiya siyasəti baxımından deyil, həm də dövlətçilik tariximizdə simvolik əhəmiyyət daşıyan mühüm hadisə oldu. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən forumda cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycan mediasının keçdiyi tarixi yolun, onun bugünkü mövqeyinin və gələcək perspektivlərinin ən ali səviyyədə qiymətləndirilməsi kimi dəyərləndirilməlidir.

Cənab Prezidentin səsləndirdiyi aşağıdakı fikirlər, əslində, Azərbaycan mediasına verilən strateji tövsiyələr və dərin bir etimad ifadəsidir:

“Azərbaycan mediası inkişaf edib; həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuz qazanıb; dövlət maraqlarını qorumağa qadirdir; bu maraqları təkcə müdafiə etmir, eyni zamanda hücuma da keçə bilir; medianı nüfuzlu edən isə məhz jurnalistlərdir".

Bu fikirlər Prezidentin medianın roluna verdiyi yüksək önəmi bir daha nümayiş etdirdi.

“Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”, deyə İlahm Əliyev vurğulayıb.

Forum çərçivəsində dövlət başçımız mövcud çağırışlar fonunda mediamızın qarşısında dayanan mühüm vəzifələri də açıq şəkildə ifadə etdi. Süni intellekt, saxta informasiya ilə mübarizə, qlobal informasiya axınında milli maraqların qorunması kimi məsələlər bu vəzifələrin başında gəlir. Xüsusilə də rəqəmsal dövrün tələblərinə uyğunlaşmaq, informasiya müharibəsində çevik və peşəkar davranmaq, qlobal platformalarda milli mənafeləri təbliğ etmək medianın yeni dönəmdəki prioritetləri kimi müəyyənləşdirildi.

Tehsil-press.az

Oxşar xəbərlər