Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib

Sumqayıt Dövlət Universitetində Aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrans keçirilib.

Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədri Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə SDU-nun rektoru v.i.e. professor Əminağa Sadıqov və qonaqlar universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Sonra Qərbi Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Akt zalında davam edən konfransda Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov SDU-nun kollektivi adından konfrans iştirakçılarını salamlayıb, "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrasın SDU-da keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Konfransın təşkilində iştirak edən bütün tərəfdaşlara minnətdarlığını ifadə edib. O, konfransın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən milli ideologiyamızın vacib istiqamətlərindən biri olan "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın reallaşmasına əhəmiyyətli töhfə vərəcəyi barədə əminliyini ifadə edib. Ə.Sadıqov "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın digər təhsil müəssisələri kimi SDU-nun qarşısında da bir sıra vəzifələr qoyduğunu və həmin vəzifələrin ardıcıl olaraq yerinə yetirildiyini diqqətə çatdırıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində tarixi yaddaşın əhəmiyyətini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələrinin öyrənilməsi və tədrisi istiqamətində mühüm işlərin həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, ölkədəki təhsil ocaqlarında Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi çox əhəmiyyətlidir və əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır. Nazir müavini tarixə nəzər salaraq öz doğma torpaqlarından qovulmuş soydayşlarımıza Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısından, "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın icrası ilə bağlı gənclərin rolundan danışıb və gənclərə öz tövsiyələrini verib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədri, akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətinə toxunaraq azərbaycanlıların deportasiya tarixi barədə tələbələrə geniş məlumatların verilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Mehriban Vəliyeva "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" konfransı çərçivəsində gənclərin ictimai-siyasi, sosial-mədəni sahədə fəaliyyətləri və vətəndaş mövqeyi barədə danışıb. Gəncləri tarixi həqiqətləri dərindən öyrənərək bu istiqamətdə həqiqətlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıb.
Konfransda Qərbi Azərbaycanla bağlı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və milli ideoloji hədəfləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə "Tarixi proseslərdə gənclərin rolu", Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Həsrət Suleymanov "Qərbi Azərbaycan qan yaddaşında" və universitetin gənc müəllimi Gülçin Qasımova "Qərbi azərbaycanlıların qayıdış hüququ" mövzularında çıxışları dinlənilib. Həmçinin universitetin pakistanlı tələbəsi Muhammad Adnan Gorgaje çıxış edərək ölkəsinin Azərbaycana daim dəstək verdiyini xatırladıb və iki ölkə arasındakı dostluq əlaqələrinin hər zaman inkişaf edəcəyini qeyd edib.

Panel müzakirədə iştirak edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "Qərbi Azərbaycan İcmasının fəaliyyəti, növbəti hədəfləri", Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu "Qərbi Azərbaycanın tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində təmin olunması", Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qadınların rolu", Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Gənclər şurasının sədri Şahin İsmayılov "Gənclərin Qərbi Azərbaycana qayıdış prosesində rolu" və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı "Qərbi Azərbaycanda mədəni və dini abidələrin məhv edilməsi tarixi, mədəni irsimizə hansı təsirlərini göstərmişdir?" mövzuları ətrafında çıxış edərək, gənclərin suallarını cavablandırıblar.

Konfransın sonunda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları və iştirakçıları salamlayıb. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı istiqamətində Qərbi Azərbaycan İcması tərəfindən ölkəmizdə, o cümlədən Sumqayıtda görülən işlər haqqında danışıb. Qeyd edib ki, icma qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində çox böyük işlər həyata keçirir. Sumqayıtın "Gənclər paytaxtı" elan edildiyi ildə gənclərimizin milli ideoloji işin təbliği və təşviqində ön sıralarda olacaqlarına inamını ifadə edib, SDU-nun bu prosesdə rolunu yüksək qiymətləndirib.

Konfrans ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər