Geridə qalan dövr ərzində Agentlik müxtəlif regionlarda genişmiqyaslı layihələr həyata keçirib, minlərlə ailənin mənzilə sahib olmasına şərait yaradıb. Həmçinin bu dövr ərzində mənzil tikintisi sahəsində innovativ yanaşmalar, şəffaf satış mexanizmləri və “Elektron Hökumət” portalı vasitəsilə həyata keçirilən müraciət prosesi ictimaiyyətin etimadını daha da artırıb.
Bu illər ərzində MİDA-nın həyata keçirdiyi layihələr, hazırda icrada olan yaşayış kompleksləri, gələcək planlar və vətəndaşlar arasında sosial mənzillərə olan maraqla bağlı suallarını MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- MİDA-nın yaradılmasından 9 il ötür. Bu müddət ərzində Agentlik tərəfindən bir çox uğurlu layihələr reallaşdırılıb, minlərlə vətəndaş güzəştli mənzilə sahib olub. İcra etdiyiniz layihələr, güzəştli mənzillərin satış prosesləri, mənzil əldə edən vətəndaşlar və s. barədə ətraflı məlumat verə bilərsinizmi?
- Ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə ölkə başçısı tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu. Agentliyin əsas məqsədi vətəndaşlarımızın yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının tikintisini təşkil etməkdir. Prezident İlham Əliyevin Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə ilk gündən göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.
Əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədi ilə 9 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib. Həmin layihələrdən 8-nin inşası tamamlanmış, 3 layihə isə hazırda reallaşdırılır.
İcrası tamamlanmış layihələr - Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər, Gəncə Yaşayış Kompleksi, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksidir.
İnşası tamamlanmış layihələrdə 12 000-ə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib.
Bu layihələrdə tikilmiş mənzillər həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılmış, həmçinin dövlət sifarişi əsasında ayrılıb. Beləliklə, 9 il ərzində Agentliyin layihələrindən ümumilikdə 10 687 ailə mənzil əldə edib.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycanın Dövlət Tikinti Normalarına (AzDTN) və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.
Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.
- Hazırda Agentlik Bakıda və regionlarda hansı layihələrin icrasını həyata keçirir? Yeni layihələr harada olacaq? Digər şəhər və rayonlarda da güzəştli mənzillərin tikintisi nəzərdə tutulubmu?
- Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən hazırda Bakı ilə yanaşı, Şirvan və Yevlax şəhərlərində layihələr icra olunur.
Bakı şəhərində inşa olunan Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektar təşkil edir. Yaşayış kompleksi 28 binadan ibarətdir. Bu binalarda ümumilikdə 1 398 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 960 şagird yerlik ümumtəhsil məktəbinin və 80 yerlik 1 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur.
Paralel olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılıb. Regionlarda isə hazırda Şirvan və Yevlaxda layihələr icra olunur.
8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. 9 mərtəbəli və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.
2 hektara yaxın ərazidə inşa olunan Yevlax Yaşayış Kompleksi hər biri 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq.
Qeyd etmək istərdim ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Hazırda Agentlik tərəfindən bu istiqamətdə hazırlıq işləri həyata keçirilir.
Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində və Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində yaşayış komplekslərinin inşası ilə əlaqədar layihələndirmə işlərinə başlanılıb.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Agentlik tərəfindən regionlarda növbəti layihələr reallaşdırıldıqda ictimaiyyətə məlumat veriləcək.
- Vətəndaşlar mənzilləri hansı ödəniş üsulları ilə əldə edə bilər?
- Güzəştli mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Mənzili ipoteka krediti ilə əldə etmək istəyən vətəndaşın müraciətinə Azərbaycan Prezidentinin 22.06.2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun baxılır. Güzəştli mənzil əldə etmək hüququna malik olan vətəndaşlar MİDA ilə əməkdaşlıq edən bütün agent banklar vasitəsi ilə minimal 10 % ilkin ödənişlə, illik 4 % olmaqla müddəti 30 ilədək güzəştli ipoteka kreditindən yararlana bilərlər. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 13 agent bank ilə əməkdaşlıq edilir.
Mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edir. Ümumiyyətlə güzəştli mənzillərin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən təqribən 30 % aşağıdır. Hər bir layihə üzrə satışa çıxarılan mənzilin qiyməti satış elanında qeyd olunur.
- Bu günə qədər mənzil alan vətəndaşlar arasında hansı kateqoriyalar üstünlük təşkil edib və hansı ödəniş üsulu ilə daha çox mənzil alınıb?
- Məlumat üçün bildirim ki, Azərbaycan Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə və 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq güzəştli mənzillərin əldə edilməsi üçün müraciət yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə elektron qaydada “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə elektron qaydada real vaxt rejimində edilir. Bu günə olan məlumata əsasən “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 39 748 nəfərdir.
Güzəştli mənzillərin seçimi prosesi də eyni şəkildə elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Agentliyin 9 illik fəaliyyəti dövründə “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs kateqoriyaları üstünlük təşkil edir. Mənzillər daha çox güzəştli ipoteka krediti hesabına alınıb.
- Növbəti satışda hansı layihələrdən mənzillər satışa çıxarılacaq?
- Güzəştli mənzillərin satışı barədə elan satışın başlanması tarixinə ən azı 30 gün qalmış verilir və vətəndaşlar bu barədə media, Agentliyin internet saytı və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlandırılır. Bununla yanaşı, istifadəçilərin “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində elanın verilməsi ilə bağlı bildiriş yerləşdirilir, elektron poçt və sms vasitəsilə məlumat göndərilir. Növbəti elanda Binəqədi və Şirvan yaşayış komplekslərində yerləşən mənzillərin satışa çıxarılması nəzərdə tutulur.
- MİDA Qarabağa qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizdə də yaşayış kompleksləri inşa edir. Bu barədə məlumat verə bilərsinizmi?
- Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə bu gün bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr salınır.
Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında yaşayış kompleksləri inşa olunmuş, Xocalı şəhərindəki yaşayış binalarında isə yenidənqurma işləri həyata keçirilib.
Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 4,5,6 və 7 mərtəbəli olmaqla 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. İnşası başa çatmış Füzuli Yaşayış Kompleksində artıq ailələrin daimi məskunlaşması təmin edilib.
2023-cü ilin oktyabr ayının 17-də Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan Füzuli yaşayış kompleksində keçirilən tədbirdə çıxış edən ölkə başçısı Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü münasibətlə sakinləri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Cəbrayıl Yaşayış Kompleksinin də inşası başa çatdırılıb və 2024-cü ilin oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. 7,87 hektar torpaq sahəsində yerləşən Yaşayış kompleksi 4 və 5 mərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.
Həmçinin, Agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binasında yenidənqurma, həmçinin ərazinin abadlaşdırılması işləri həyata keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il may ayının 28-də yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Yaşayış Kompleslərindəki bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı ərazidə istirahət guşələri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.
- Həmçinin qardaş Türkiyəyə dəstək olaraq Azərbaycan hökümətinin icraçı qurumu olaraq MİDA tərəfindən Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi həyata keçirilir. Hazırda işlər hansı mərhələdədir?
- 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə bu ağır faciənin fəsadlarının aradan qaldırılması üçün həm Azərbaycanın aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürü olaraq Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verdi. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycanın icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir.
2024-cü il sentyabr ayının 11-də Türkiyənin Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsində yeni Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutdu. Açılış mərasimində iki qardaş ölkənin nümayəndə heyətləri iştirak etdilər.
Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı yerləşir. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materialları ilə təchiz olunmuş 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərinin olduğu 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana daxildir.
Qeyd edək ki, hazırda “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi yekunlaşmaq üzrədir. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir.
“Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaqdır.
Tehsil-press.az