Bu tikinti işləri şəhərin ümumi nəqliyyat sisteminə necə təsir göstərə bilər? Nəqliyyat sıxlığını azaltmaq üçün başqa hansı innovativ həllər tətbiq edilə bilər?
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda Bakı metropolitenində yeni tunellərin və depoların tikintisinə ehtiyac var. Onun sözlərinə görə, bu infrastruktur layihələrinin əsas məqsədi sərnişinlərin metroda daha rahat və maneəsiz hərəkətini təmin etməkdir:
“Tunel və depo tikintiləri həm də qatarlar arasındakı intervalın azaldılmasına imkan yaradacaq. Bu da sərnişinlərin bir nöqtədən digərinə vaxtında çatmasını təmin edəcək. O bildirib ki, hazırkı metropoliten sistemi bu günkü sərnişin axınına uyğun deyil. Qatarların depoya qayıtmaq imkanları yox idi, çünki o dövrdə Bakı metrosu bu qədər sərnişin həcminə hesablanmamışdı”.
E.Cəfərov həmçinin əlavə edib ki, 2025–2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair Dövlət Proqramında bu tikintilərin nəzərdə tutulması əlamətdar hadisədir:
“Qurumlar bu dəfə proqramın müddəalarını sonraya saxlamayıb, artıq bu ilin əvvəlindən icraya başlayıblar. Məsələn, biz də yaxın zamanda Dərnəgül elektrik deposu ərazisində olan yaşıllıqların köçürülməsi ilə bağlı tədbirlərdə iştirak etdik. Gördük ki, bu işlər koordinasiyalı şəkildə aparılır və ictimaiyyətin fikirləri də nəzərə alınır,” – deyə o vurğulayıb.
Ekspertin verdiyi məlumata görə, tunelin tikintisi ilə bağlı 28 May stansiyası bağlanmayacaq, stansiya fəaliyyətini davam etdirəcək. Sadəcə, Dərnəgül istiqamətində hərəkət müvəqqəti olaraq dayandırılacaq:
“Hazırda nəqliyyat sistemimiz əsasən metro və avtobusdan ibarətdir. Ona görə də birində problem yarananda digəri üzərinə daha çox yük düşür. Sərnişinlərin vaxtında mənzil başına çatması üçün qurumlar koordinasiyalı şəkildə işləməli və elə təşkil olunmalıdır ki, insanlar küçələrdə qalmasın.”
O, sonda belə işlərin yay tətili dövründə və daha sürətli şəkildə həyata keçirilməsinin daha məqsədəuyğun olacağını vurğulayıb.
Tehsil-press.az