
Müğənnilərin bu cür davranışlarının cəmiyyətə çox pis nümunə olduğunu nəzərə alsaq, onlara "gözün üstə qaşın var" deyilməməsi daha pis nəticələrə səbəb ola bilər. Sosial şəbəkədə paylaşılan nömrəsiz avtomobilləri belə müəyyən edib qanuni tədbir görən Baş Dövlət Yol Polisi İdarəsi yəqin ki, müğənninin bu etirafına sükutla yanaşmayacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbinə görə, Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə sürücü qırx manat məbləğində cərimə edilir. Həmçinin həmin Məcəllənin 338.3-cü maddəsinin tələbinə görə, Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə tətbiq edilir. Yəni qanunun tələbinə görə, həm sürücü, həm sərnişin qismində təhlükəsizlik kəməri bağlanılmalıdır. Kəməri bağlamayıb, üstəlik bunu bir qəhrəmanlıq edirmiş kimi xüsusi qeyd etmək isə artıq cəmiyyətə çox pis nümunədir və ümid edirik ki, qarşısı qətiyyətlə alınacaq.
Tehsil-press.az