Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək Son zamanlarda ali təhsil sistemində struktur islahatları gündəmə gəlib. Artıq əmək bazarının ehtiyaclarına uyğun gəlməyən ixtisaslara tələbatın azalması təhsil planlamasında yeni yanaşmalar tələb edir.

Ali təhsildə plan yerlərinin bölgüsü ilə bağlı ciddi dəyişikliklər gözlənilir. Bu barədə danışan təhsil-eksperti Elçin Əfəndiyev əmək bazarının tələblərinə cavab verməyən ixtisaslarla bağlı mühüm açıqlamalar verib.

Ekspertin sözlərinə görə, hazırda bir sıra ixtisaslar bazar tələbinə uyğun gəlməsə də, az sayda da olsa bölgələrdə ehtiyac olduğu üçün saxlanılır. Lakin bu, onların geniş şəkildə tədrisinə əsas vermir:

“Muzey işi, arxiv işi, abidələrin qorunması kimi sahələr üzrə 50 və ya 100 tələbənin qəbulu real deyil. Ən yaxşı halda 5-10 nəfərlik plan yerinin ayrılması yetərlidir”, - deyə Əfəndiyev bildirib.

Onun fikrincə, sənətşünaslıq ixtisasına da artıq əmək bazarında əvvəlki qədər tələbat yoxdur və bu sahəyə ayrılan plan yerlərinin azaldılması daha məqsədəuyğun olar.

Ekspert həmçinin vurğulayıb ki, bəzi ixtisaslar universitetlərdə yalnız bir-iki nəfərlik təlabat əsasında saxlanılır. Amma bu tendensiyanın ömrü uzun olmayacaq:

“Təxminən 2030-cu ildən etibarən əmək bazarında ehtiyac olmayan ixtisasların ya plan yerləri azaldılacaq, ya da tamamilə ləğvi gündəmə gələcək”, - deyə Elçin Əfəndiyev bildirib.

Qeyd edək ki, hazırda təhsil strategiyasının yenidən qurulması ilə bağlı müxtəlif təkliflər müzakirə mərhələsindədir. Məqsəd - təhsil alanların gələcəkdə işsiz qalmasının qarşısını almaq və bazarın tələbinə uyğun kadr hazırlığına nail olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər