Bakı toz içində: Əhaliyə xəbərdarlıq edildi - Çölə çıxmayın, əks halda...

Bakı toz içində: Əhaliyə xəbərdarlıq edildi - Çölə çıxmayın, əks halda... Son illər Bakıda müşahidə olunan ekoloji problemlər arasında havanın tozlanması xüsusi narahatlıq doğurur. Xüsusilə son günlər paytaxtı bürüyən tozlu hava təkcə şəhərin görünüşünü dəyişmir, eyni zamanda minlərlə insanın sağlamlığı üçün real təhlükəyə çevrilir. Havadakı xırda toz hissəcikləri tənəffüs yollarına daxil olaraq ağciyərlərdə ciddi fəsadlara səbəb olmaqla yanaşı, göz və dəri problemlərinin də artmasına gətirib çıxarır.

Bəs havadakı tozun əsas mənbələri hansılardır, insan sağlamlığına konkret olaraq necə təsir göstərir və bu cür günlərdə vətəndaşlar özlərini necə qorumalıdırlar?

Mövzu ilə bağlı açıqlama verən pulmonoloq-həkim Əsəd Beydullayev qeyd edib ki, tozlu hava xroniki tənəffüs yolu xəstəlikləri olan insanlarda kəskinləşmələrə səbəb olur:

“Son vaxtlar Bakıda müşahidə olunan tozlu hava xüsusilə astma və digər xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslər üçün ciddi problemlərə yol açıb. Eyni zamanda gözündə xroniki konyunktivit olan və ya allergiyadan əziyyət çəkən insanlar üçün də təhlükəlidir. Tozlu havalarda küçədə olmaq gözlərin, üst və alt tənəffüs yollarının qıcıqlanmasına və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olur”.

Həkimin sözlərinə görə, belə hava şəraitində astma tutmaları daha tez-tez müşahidə olunur:

“Bir həkim olaraq deyə bilərəm ki, bu cür havalarda astma xəstələrinin vəziyyəti daha çox ağırlaşır. Tozun əsas səbəbləri arasında iri istehsal müəssisələrinin buraxdığı tüstü və son dövrlərdə Xəzər dənizi üzərindən gələn toz kütlələri də var. Şəhərin rəngindən də görünür ki, Bakı demək olar toz içindədir”.

Əsəd Beydullayev vətəndaşlara belə hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib:

“İmkan daxilində tozlu havalarda çöldə az olmaq, qoruyucu maskalardan istifadə etmək vacibdir. Xroniki xəstəliyi olan şəxslər, əgər müvəqqəti olaraq dərman qəbulu dayandırılıbsa, bu dövrdə həkim məsləhəti ilə yenidən dərmanların istifadəsini artırmalıdırlar ki, kəskinləşmə ilə qarşılaşmasın”.

Mütəxəssislər bildirirlər ki, tozlu havaların qarşısının alınması ilə bağlı ekoloji tədbirlər görülməlidir. Əks halda bu cür hava şəraiti xüsusilə həssas qruplar üçün ciddi sağlamlıq problemləri yaratmağa davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər