
Azərbaycanın müasir regional siyasətində yeni mərhələni əks etdirən və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradan Laçında keçirilən üçtərəfli zirvə görüşü ölkəmizin xarici siyasətində və geosiyasi mövqeyində olduqca önəmlidir. Bu mühüm hadisənin 28 May – Respublika Gününə təsadüf etməsi də xüsusi rəmzi və siyasi mənalar daşıyır.
Oxu24.com saytının əməkdaşı Pərvin Şakirqızı bu mövzuda Millət Vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev ilə həmsöhbət olub.
Arzu Nağıyev bu zirvənin siyasi və strateji əhəmiyyətindən, əməkdaşlığın gələcək regional təşəbbüslərə açacağı qapılardan, Azərbaycanın geosiyasi çəkisinin bu formatda necə formalaşmasından və Laçında keçirilən görüşün dünya ictimaiyyətinə ünvanladığı mesajlardan danışdı. Eyni zamanda, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin ölkəmiz üçün çoxşaxəli önəmini diqqətə çatdırdı.
Həmin müsahibəni təqdim edirik:
– Arzu müəllim, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu siyasi və strateji kontekstdə hansı əhəmiyyətə malikdir?
– Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi yalnız infrastruktur layihəsi deyil, bu, strateji, siyasi və iqtisadi baxımdan çoxölçülü əhəmiyyət daşıyan hadisədir.
Birincisi, bu hava limanı Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq və reinteqrasiya siyasətinin konkret nəticəsidir. Bu layihə göstərir ki, biz azad etdiyimiz torpaqlarda qısa müddət ərzində müasir texnologiyalara və beynəlxalq standartlara cavab verən obyektlər tikə bilərik.
İkincisi, bu liman həm mülki, həm də strateji-logistik funksiyaları yerinə yetirəcək. Təkcə sərnişin daşımaları deyil, həm də yüklərin, texnikanın və humanitar resursların daşınması üçün böyük imkan yaradacaq. Bu da regionun iqtisadi dirçəlişinə mühüm təkan verəcək.
Üçüncüsü, geosiyasi baxımdan bu hava limanı Azərbaycanın Cənubi Qafqazda artan rolunun daha bir sübutudur. Laçın regionunun həm Ermənistan, həm də Zəngəzur dəhlizi ilə kəsişmə nöqtəsində yerləşməsi bu obyektin strateji əhəmiyyətini daha da artırır.
Bu hava limanı Azərbaycanın strateji mövqeyini yeni səviyyəyə qaldırır. Təkcə nəqliyyat nöqtəsi deyil, həm də strateji təhlükəsizlik baxımından vacib məkandır. Bu obyekt Azərbaycanın regional təsirinin genişləndirilməsi, həmçinin logistika və müdafiə potensialının artırılması baxımından çox önəmlidir.
Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi, elə həmin gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin orada görüş keçirməsi bir daha göstərdi ki, bu ərazi artıq əməkdaşlıq və inkişaf mərkəzidir. Azərbaycan dövləti təkcə müharibədən qalib çıxmayıb – o, sülh dövrünün də qalibidir. Bu liman – qalibiyyətin, quruculuğun və irəliləyişin rəmzinə çevrilib.
Tehsil-press.az