BVF Rusiya üçün proqnozları yaxşılaşdırdı

BVF Rusiya üçün proqnozları yaxşılaşdırdı Fondun proqnozları bir ay ərzində 0,2-0,3% yüksəlib.

Beynəlxalq Valyuta Fondu (BVF) aprellə müqayisədə may ayında Rusiya üçün verdiyi proqnozunu xeyli yaxşılaşdırıb. Tehsil-press.az-ın məlumatına görə, fondun Rusiya üzrə missiyasının bu günlərdə təqdim etdiyi hesabatda bildirilir ki, bu il ölkənin ümumi daxili məhsulu (ÜDM) 1,5% azalacaq, gələn il isə 1% artacaq. Halbuki BVF-nin “Dünya iqtisadi proqnozu”nun aprel buraxılışında bildirilirdi ki, bu il Rusiya iqtisadiyyatında 1,8% geriləmə olacaq və gələn il artım yalnız 0,8% təşkil edəcək. Göründüyü kimi, proqnozlar bir ay ərzində 0,2-0,3% yaxşılaşıb.
BVF Rusiya iqtisadiyyatında gələn il gözlənilən artımı dünya bazarında neftin qiymətinin sabitləşməsi və ölkənin maliyyə vəziyyətinin yaxşılaşması ilə izah edir. Hesabata görə, hökumətin atdığı bir sıra addımlar hesabına ölkədə iqtisadi azalma gözlənildiyindən daha aşağı olub. BVF bu addımlar sırasında çevik məzənnə siyasətinə keçidi, bank sektorunda likvidliyin artırılmasını, büdcə stimullaşdırılmasının məhdulaşdırılmasını və sərt tənzimləmədən imtinanı göstərib.

BVF Rusiya üçün proqnozları yaxşılaşdırdı
Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələr (tünd yaşıl Avropa Birliyi, açıq yaşıl digərləri)
Rusiyada iqtisadi geriləmə 2014-cü ildə Ukraynada baş vermiş hadisələr səbəbindən bu ölkəyə aparıcı qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan sonra baş verib. Aparıcı qərb ölkələri, o cümlədən Böyük Yeddilik ölkələri Rusiyanın Krımı ilhaq etməsinə, həmçinin Ukraynanın şərqində seperatçı zonalar yaratmasına etiraz əlaməti olaraq bu ölkəyə qarşı sanksiyalara başladılar. Bu, Rusiyada iqtisadi vəziyyətin ildən-ilə pisləşməsinə səbəb oldu. Nəticədə, Rusiya valyutası ABŞ dolları qarşısında iki dəfəyə qədər dəyər itirdi.
"Son üç ildə Azərbaycandan Rusiyaya məhsul ixracatında dollar ifadəsində 5,5 dəfəyə qədər azalma baş verib".
Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycandan bu ölkəyə məhsul ixracatına da təsir göstərdi. Dövlət Gömrük Komitəsinin məlumatlarından belə görünür ki, son üç ildə Azərbaycandan Rusiyaya məhsul ixracatında dollar ifadəsində 5,5 dəfəyə qədər azalma baş verib. Əgər 2013-cü ilin ilk 4 ayında Azərbaycandan Rusiyaya 426,69 milyon dollarlıq məhsul ixrac edilibsə, bu göstərici ildən-ilə kəskin azalaraq 2016-cı ilin ilk 4 ayında 78,54 milyon dollara düşüb.

BVF Rusiya üçün proqnozları yaxşılaşdırdı

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədən fərdi şəxslər tərəfindən Azərbaycana göndərilən vəsaitləri aşağı salıb. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2015-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 627 milyon dollar vəsait köçürülüb. Bu, 2014-cü ildə daxil olmuş vəsaitlərdən iki dəfə azdır. 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 milyon dollar daxil olub. Vəsaitlərin azalması rublun dollar qarşısında ucuzlaşması hesabına baş verib.
14 ayda Azərbaycan Mərkəzi Bankının strateji ehtiyatları 15 milyard dollardan 5 milyard dollara qədər azaldı.
Sanksiyalar səbəbindən Rusiya rublunun dəyər itirməsi Azərbaycanın əmlak bazarına da təsir göstərib. Rubl devalvasiyaya uğradıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların bir çoxu mənzillərini sataraq əldə etdikləri vəsaiti Rusiyaya aparmağa başladılar. Bu, Azərbaycanın əmlak bazarına ciddi təsir göstərməklə yanaşı, manatı devalvasiyaya uğradan əsas amillərdən oldu. 2014-cü ilin noyabr ayından 2015-ci ilin sonuna kimi Azərbaycan Mərkəzi Bankının strateji ehtiyatları 15 milyard dollardan 5 milyard dollara qədər azaldı. AMB-nin manatın məzənnəsini qorumaq üçün dövriyyəyə buraxdığı vəsaitlərin xeyli hissəsi Rusiyanın əmlak bazarına axdı.

BVF Rusiya üçün proqnozları yaxşılaşdırdı

Rusiyada vəziyyətin düzəlməsi bu ölkədən Azərbaycanın əmlak bazarına yenidən vəsaitlərin daxil olmasına imkan verə bilər. Həmçinin əhalisinin maddi vəziyyəti yaxşılaşan Rusiyada Azərbaycan məhsullarına da maraq arta bilər və bu ölkəyə ixracat 3 il əvvəlki səviyyəyə qayıda bilər. Eyni zamanda Rusiyadan Azərbaycana gələn pul baratları da arta bilər.
Buna görə də Rusiyada iqtisadi vəziyyətin düzələcəyi barədə xəbərlər müəyyən mənada Azərbaycan üçün müsbət yenilikdir. Atalar demişkən, qonşu üçün iki çörək arzulamaq lazımdır ki, öz evində də bir çörəyin olsun.


Tehsil-press.az

Oxşar xəbərlər