İşıq, su, qaz üçün sabit tarif: Səbəb nədir?

İşıq, su, qaz üçün sabit tarif: Səbəb nədir? Energetika nazirinin müavini Samir Vəliyev və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyiblər ki, ölkədə qaz və elektrik enerjisində sabit tarif tətbiq olunacaq. Yəni Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisi sabit tariflə ödəyəcəklər, bu yanaşma təbii qaz təchizatına da aid ediləcək.

Bu, iqtisadi əsaslandırması olmayan bir yanaşmadır. Hökumətin “məntiqi” belədir ki, tutalım, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yəni yaşadın-yaşamadın, ödəməlisən. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xətləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz.

Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında zatən iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk.

İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su-işıq-qaz təbii inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq-qaz-su olmayanda şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəkmi? Məsələn, mən şəhərin mərkəzinə çox yaxın, Bayılın girəcəyində yaşayıram, dünən 8 saat qaz olmayıb – buna görə mənim qarşımda nə məsuliyyətləri yaranıb?! Məsuliyyət təktərəfli olmur axı ki, tək vətəndaşın çiyninə yüklənsin, bəs şirkətlərin məsuliyyəti hardadır?!

Üçüncüsü, belə çıxır ki, metronun iki-üç-dörd çıxışı, üstəlik, yeraltı keçidləri də varsa, sən metroya minəndə yeraltı keçiddən keçsən, infrastruktura görə pul ödəməlisən. Və ya özəl sektor, məsələn, investisiya qoyur, infrastruktur yaradır, mağaza tikir – dükana girib heç nə almasan da çıxanda qapıda kassaya 1-2 manat ödəməlisən. Bəs necə, bu iş adamı da mağazanı qapımızın ağzına qədər gətirib, infrastruktur qurub axı – elə deyil?!

Əslində təklifləri ortaya çıxaran gerçək səbəb odur ki, büdcə daxilolmaları, neft gəlirləri azalır, azalacaq, bunun fonunda islahatlara getməkdənsə hökumət büdcədən subsidiyaları kəsib, həmin vəsaiti vətəndaşa yükləyib, bizim vasitəmizlə öz təbii inhisarçılarına pul vermək istəyir…

Natiq Cəfərli,
iqtisadçı, politoloq


Tehsil-press.az

Oxşar xəbərlər