Generalın oğlu ətrafında nə baş verir? – Vardanyanı həbs edən hərbçi ilə bağlı müəmma

Generalın oğlu ətrafında nə baş verir? – Vardanyanı həbs edən hərbçi ilə bağlı müəmma Son günlər Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevlə bağlı iddialar səsləndirilir. Deyilir ki, o, 27 yaşlı oğlu Məhəmməd Quliyevə polkovnik-leytenant hərbi rütbəsi verib. Bu iddialar artıq sosial şəbəkələrdə də, mətbuatda da ciddi şəkildə əks səda doğurub.

Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov xatırladıb ki, Elçin Quliyev dövlət başçısı tərəfindən vəzifəyə təyin olunmuş şəxsdir.

O bildirib ki, rütbə üçün təqdim olunan sənədlər hüquq idarəsi və müvafiq şöbələr tərəfindən yoxlanıldıqdan sonra imzalanır:

“Səlahiyyət sahibi olan bir şəxs istənilən qərarı hüquqi çərçivədə qəbul edə bilər. 27 yaşlı Məhəmməd Quliyevə rütbə verilməsi ilə bağlı ortada heç bir sübut yoxdur. Azərbaycanda sosial şəbəkələrdə belə bir mənfi tendensiya yaranıb ki, kimisə hədəfə almaq və müzakirə etmək lazım gələndə onunla bağlı müəyyən xəbərlər dövriyyəyə buraxılır. Yayılan məlumata gəldikdə isə, yaxşı olardı ki, həmin şəxslər Məhəmməd Quliyevin nə vaxt və hansı əmrlə rütbə aldığını konkret faktlarla sübut etsinlər”.

Elçin Quliyevə qarşı kampaniya aparıldığını düşünən hərbi ekspert qeyd edib ki, Məhəmməd Quliyev ölkənin güc strukturlarından birində xidmət edib, lakin hansı vəzifədə olması barədə məlumatı yoxdur:

“Amma nə Məhəmməd Quliyevin, nə də atası Elçin Quliyevin dilindən bir kəlmə belə eşitməmişəm ki, desinlər, Ruben Vardanyanı biz həbs etmişik. Elçin Quliyev mövzusunun gündəmə gətirilməsinin səbəblərini bilirəm. Çünki son vaxtlar onunla bağlı davamlı şəkildə kampaniya aparılır. Hətta İngiltərə kralı Çarlzla görüşü də müzakirə mövzusuna çevrildi. Müsbət məqamlar nəzərə alınmır, hər vəchlə mənfi nəsə tapılmağa çalışılır”.

Üzeyir Cəfərov əlavə edib ki, Elçin Quliyev şahzadə Yelizavetanın dövründə də Londonda olub və orada Azərbaycan atçılıq komandası nümunəvi çıxışlar edib:

“Onun rəhbərlik etdiyi DSX-da peşəkar komanda formalaşıb. Eyni zamanda, Elçin Quliyev torpaqlarımız işğal altında olan dönəmdə düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirən ilk və yeganə polkovnik olub. Cəsarətlidir, tələbkardır. Azərbaycanda belə generallar çox zaman sevilmir, çünki onların tələbkarlığı bəziləri tərəfindən fərqli şəkildə təqdim olunur”.

Müsahibin fikrincə, rəsmi sübutlar olmadan hər hansı iddianın irəli sürülməsi düzgün deyil:

“Elçin Quliyevin tənqid olunması nə birinci, nə də sonuncu dəfədir. Səlahiyyət sahibi olan şəxs hamının gözündə ideal ola bilməz. Bəzən tənqidlərə baxıb dəhşətə gəlirsən. Rütbə verilən şəxs qanunvericiliyə uyğun şəkildə qərarlar qəbul edir və buna görə məsuliyyət daşıyır. Kiminsə narazılığı varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Amma Elçin Quliyev indiyədək heç vaxt səlahiyyət həddini aşmayıb”.

Üzeyir Cəfərov mediaya müraciət edib:

“Dostlarımıza və özünə imic qazandırmaq istəyən şəxslərə demək istəyirəm ki, seçdiyiniz hədəf uğurlu deyil. Elçin Quliyevlə bağlı şayiələrin yayılması həmin şəxslərin özünə hörmət gətirmir. Bu, həm də DSX-nin şəxsi heyətinə mənfi təsir göstərir. Gəlin uğurlarımızdan, müsbət işlərimizdən yazaq. Tənqid də lazımdır — çünki tənqid inkişafdır. Mən özüm də zamanında DSX-nin fəaliyyətini tənqid etmişəm. Amma yaxşıya ‘yaxşı’, pisə ‘pis’ demək lazımdır”.

Hərbi ekspert vurğulayıb ki, məhz Elçin Quliyevin təşəbbüsü və rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu böyük uğurlara imza atdı:

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyində təmsil olunan generalların 90 faizindən çoxu Azərbaycanın ən yüksək orden və medallarına layiq görülüblər. Bu mükafatları göstərdikləri şücaətə görə qazanıblar — heç biri təsadüfi deyil”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindən yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Bundan başqa bildirilib ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir.

Tehsil-press.az

Oxşar xəbərlər