Sözügedən dəyişikliklərdə açıq şəkildə qeyd olunur ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu xatırladan və ya belə təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədənin müəyyən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağandır. Qanunun əsas məqsədi informasiya məkanında sağlam mühitin qorunması, cəmiyyətin mənəvi dəyərlərinin təhqir olunmasının qarşısının alınması və xüsusilə azyaşlıların və gənclərin zərərli məzmundan müdafiə edilməsidir.
Xaricdə şou-biznes qaynayır, bizdəsə 1 videosu yayıldı deyə...” - şou-biznes yazarları narazıdır
Bəs sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik və əxlaqsız məzmunun artması hansı sosial səbəblərlə bağlıdır? Qanunvericilikdə edilən bu dəyişikliklər cəmiyyətin davranış mədəniyyətinə nə qədər real təsir göstərə bilər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev danışıb:
“Bu qərarı tam şəkildə alqışlayıram. Dəfələrlə qeyd etmişdik ki, sosial şəbəkələrdə, onlayn platformalarda və müxtəlif internet saytlarında əxlaq normalarına zidd paylaşımlar geniş yayılıb. Bu cür məzmunlar ictimai mənəviyyata ciddi zərər vurur, ictimai qaydaları pozur, milli adət-ənənələrimizi aşağılayır və cəmiyyətin dəyərlər sistemini sarsıdır. Məhz bu səbəbdən də uzun müddətdir həm sosioloqların, həm də hüquq müdafiəçilərinin bu istiqamətdə ardıcıl çağırışları səsləndirilirdi. Çox yaxşı oldu ki, nəhayət, cənab Prezident “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna müvafiq dəyişiklikləri təsdiqlədi.
Bu dəyişikliklərlə sosial şəbəkə və onlayn platforma istifadəçilərinə açıq mesaj verilir ki, internet məkanı heç də “boz zona”, nəzarətsiz və məsuliyyətsiz bir mühit deyil. Burada da hüquq və əxlaq çərçivələri mövcuddur və bu çərçivələrdən kənara çıxmaq yolverilməzdir. Əxlaqa zidd paylaşımlar etmək, milli adət-ənənələri aşağılamaq, söyüş və jarqonlardan istifadə etmək, yaxud bədənin müəyyən hissələrini nümayiş etdirməklə ictimai əxlaq normalarına zidd məzmun yaymaq qadağandır. Bu cür hərəkətlərə yol verən şəxslər qanunvericiliyə uyğun olaraq ya inzibati tənbeh tədbirləri ilə, ya da daha ağır hallarda cinayət məsuliyyəti ilə üzləşəcəklər. Hesab edirəm ki, bu qərar həmin mənfi tendensiyaların qarşısının alınmasında mühüm rol oynayacaq”.
Sosioloqun fikrincə, bu məsələdə təkcə hüquqi mexanizmlərlə kifayətlənmək olmaz:
“Paralel şəkildə genişmiqyaslı sosial maarifləndirmə işi də aparılmalıdır. Həm kütləvi informasiya vasitələrində, həm də sosial media platformalarında ictimai davranış mədəniyyəti, milli-mənəvi dəyərlər, ailə institutu və etik normalar barədə maarifləndirici materialların yayılması olduqca vacibdir”.
Üzeyir Şəfiyev həmçinin qeyd edib ki, bu qanun efirlərdə açıq-saçıq geyimdə çıxış edən müğənnilərə və ictimai fiqurlara da şamil ediləcək:
“Əgər açıq-saçıq geyimlər, bədən dili və ya səhnə davranışları açıq şəkildə əxlaqsızlığa çağırış edirsə, yüngül həyat tərzini təşviq edirsə və ya ictimai mənəviyyata zidd mesajlar verirsə, həmin şəxslər də bu qanun çərçivəsində cəzalandırıla bilərlər.
Bəzən fəxri adlar almış, məsələn, əməkdar artist statusu daşıyan şəxslərin efirə çıxaraq “boşandıqdan sonra daha gözəlləşmişəm” kimi fikirlər səsləndirməsi artıq ictimai mənəviyyata ziddir və ailə dəyərlərinin tapdalanması kimi qiymətləndirilməlidir. Eyni zamanda, kimsə efirdə “yoldaşım mənə xəyanət etdi, mən də ona xəyanətlə cavab verdim, düz etdim” deyirsə və ya hansısa müğənni “kaş əvvəldən boşanmış olardım” kimi ifadələr işlədirsə, bu, cəmiyyətə, ailə institutuna və milli-mənəvi dəyərlərə zidd açıq çağırışdır. Populyar və ictimai tanınmış şəxslərin bu cür mesajlar verməsi xüsusilə təhlükəlidir. Məhz buna görə də bu tip davranışlara yol verən şəxslərin də hüquqi məsuliyyətə cəlb olunması qanunun əsas hədəflərindən biridir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da hesab edir ki, bu dəyişiklik sosial şəbəkələrdə məsuliyyətsiz davranışların normaya çevrilməsinin qarşısını alacaq: “Qəbul edilən dəyişikliklər uşaqların və gənclərin zərərli, aqressiv və mənəviyyata zidd məzmunlardan qorunmasına, onların sağlam düşüncə, davranış və dəyərlər əsasında formalaşmasına yönəlib. Məqsəd gələcək nəslin etik, məsuliyyətli və hörmətə əsaslanan cəmiyyət mühitində yetişməsini təmin etməkdir”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar dəqiq tərif olunmadığı üçün subyektiv və seçmə tətbiq riski yaranır:
“Məsələn, sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər.
Eyni yanaşma bu yanaşmalar kütləvi yayılan satira, performans sənəti, ictimai aksiyalardan görüntülərə və jurnalist materiallarına da tətbiq edilə bilər.
Jurnalistlər, blogerlər və kontent istehsalçıları üçün mesaj: Bundan sonra tənqidlərdə ehtiyatlı olmaqda fayda var. Söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır. Canlı yayımlar və “story”lər də adi postlar kimi məsuliyyət daşıyır. Fərqində olmaq lazımdır ki, onlayn mühitdə söyüş, çılpaqlıq, cəmiyyəti aşağılamağa yönəlik hərəkətlər və açıq təhqirlər artıq ifadə azadlığının forması deyil.
Faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsizdir. İnanıram ki yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksələdcək. Keyfiyyətli, arqumentli və etik məzmun istehsalını stimullaşdıracaq.
Ümid edirəm ictimai məkanın , "ictimai mənəviyyat”ın və milli-mənəvi dəyərlərin qorunmasıyla bağlı yeni normalar ictimai mədəniyyəti daha da yüksəldəcək, özünüsenzuraya və tənqidi səsləri susdurmaq alətinə çevrilməyəcək”.
Tehsil-press.az








