ADPU-da 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə və bölmə müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, 1993-cü ilin iyun ayında ölkəmizdə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, dövlət parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşılaşmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və iradəsi nəticəsində bu təhlükələrin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını cəsarətlə və uğurla yerinə yetirərək ölkəmizdə ictimai-siyasi böhranı, vətəndaş müharibəsi təhlükəsini, separatçılıq cəhdlərini qətiyyətlə aradan qaldırdı, müstəqilliyimizi, dövlət və dövlətçiliyimizi qorudu. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqımızın inadlı və təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir. Qürur hissi ilə deyə bilərik ki, ADPU-nun müəllimləri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsində fəal iştirak ediblər. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Qədirbilən xalqımız dahi şəxsiyyət, müdrik lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirir və hər il 15 İyun–Milli Qurtuluş Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi Taleh Cəfərov 15 İyun- Milli Qurtuluş Günü haqqında məruzə ilə çıxış edib. T.Cəfərov çıxışında qeyd edib ki, 15 İyun-Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyət kəsb edən bir gündür. Heydər Əliyev 1993-cü ilin iyununda genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. Heydər Əliyev böyük idarəetmə və dövlətçilik təcrübəsi sayəsində separatçılıq meyillərinin, dağıdıcı ictimai-siyasi proseslərin, dövlət çevrilişlərinə cəhd cinayətlərinin qarşısını qətiyyətlə aldı. Xalq dövlət müstəqilliyimizin təminatçısı olan Heydər Əliyevi dəstəklədi, siyasi yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi.15 İyun-Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin vaxtdan xalqımız 15 İyunu əlamətdar bir tarixi gün kimi qeyd edir.
Müəllim və tələbələrin fəal iştirakı ilə keçən tədbirdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, rektorun müşaviri, 91 vətənpərvər ziyalıdan biri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, Tələbə Gənclər Təşkilatının sədr müavini Taleh Mirzəyev çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlər, o cümlədən elmin, təhsilin, mədəniyyətin, gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı barədə fikirlərini bölüşüblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi



Oxşar xəbərlər