Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Azərbaycanda aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan innovativ texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv metodların tətbiqi nəticəsində ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. İcra hakimiyyətinin başçısı Xaçmazın kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl məhsullarının istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycanda taxılçılığın kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu, taxılçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaratdığını deyib. Nazir müavini çıxışında Azərbaycanda taxılçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, taxılçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü qeyd edib.
Nazir müavini taxılçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb. O qeyd edib ki, bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən nazir müavini biçin prosesinin düzgün təşkilinin məhsuldarlığa ciddi təsir etdiyini vurğulayıb. İlhamə Qədimova əlavə edib ki, məhsul itkisinin qarşısının alınması, biçin prosesinin mütəşəkkil təşkil olunması və optimal müddətdə başa çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib.
Müşavirədə qeyd olunub ki, bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində təcili və təxirəsalınmaz fəaliyyət həyata keçirilir.
Tədbir iştirakçıları taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Tehsil-press.az