Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib “24 iyun 2025-ci il tarixində keçirilən kimya fənni üzrə sertifikasiya imtahanında 2500-dən bir qədər artıq müəllim iştirak edib və onların orta balı 40-dan yuxarı olub. Bu o deməkdir ki, imtahanın çətinlik səviyyəsi digər fənlərdən ciddi şəkildə fərqlənmir. Əgər imtahan çətin olarsa, orta bal aşağı düşür. Amma 40-dan yuxarı nəticə onu göstərir ki, bu, balanslaşdırılmış və adekvat qiymətləndirmədir”.

Bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində qonaq olarkən səsləndirib.

O qeyd edib ki, imtahanların bitməsindən dərhal sonra digər fənlərdə olduğu kimi, kimya üzrə də ilkin psixometrik təhlillər aparılıb: “Bu təhlillər imtahanın obyektivliyini və çətinlik səviyyəsini müəyyən etməyə imkan verir. Araşdırmalar göstərir ki, imtahanda orta məktəb dərsliklərindəki mövzulara və öncədən ictimaiyyətə təqdim olunmuş qiymətləndirmə çərçivəsinə uyğun test tapşırıqları istifadə olunub”.

Nəzakət Mehdiyeva bildirib ki, hər bir fənnin özünəməxsus çətinlikləri var və kimya fənni bu baxımdan fərqlənir: “Kimya fənninin əsas xüsusiyyəti məzmunun riyazi hesablamalar üzərində qurulmasıdır. Digər fənlərdə məntiqi izahlara əsaslanan tapşırıqlar üstünlük təşkil edirsə, kimyada həmin izahların kökündə əksər hallarda riyazi hesablamalar dayanır. Bu isə imtahanın mürəkkəb olması görüntüsünü yaradır. Amma fənnin məzmun xüsusiyyəti budur”.

O əlavə edib ki, statistik araşdırmalar nəticəsində belə bir məqam üzə çıxıb: “İmtahanda təqdim olunan bütün tapşırıqlara müəllimlər tərəfindən cavab verilib. Hətta ən çətin hesab olunan suala belə iştirakçıların 17 faizindən çoxu düzgün cavab verib. Bu isə onu göstərir ki, testlər balanslı şəkildə hazırlanıb və iştirakçılar tərəfindən cavablandırıla biləcək səviyyədədir. Kimya üzrə sertifikasiyada kifayət qədər asan suallar da istifadə edilib ki, müəllimlərin 85 faizi tələb olunan minimal balı toplayıb. Hətta 350 nəfər 51-60 arası bal toplayıb”.

Tehsil-press.az

Oxşar xəbərlər