“E-bülleten” sistemi səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır

“E-bülleten” sistemi səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır Vahid normativ və texnoloji prinsiplərə əsaslanan “e-bülleten” sistemi səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır.

93 FM-in “Sağlam radio” verilişində çıxış edən Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova dövlət və özəl sektorda elektron bülletenlərin idarəolunması qaydaları haqqında məlumat verib.

Onun sözlərinə görə, bu sistemin məqsədi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarının şəffaf uçotu və nəzarətinin təmin olunması, habelə səhiyyə xidmətlərində effektivliyin və operativliyin artırılmasıdır:

“Elektron xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi və idarə olunması prosesi müvafiq qanunvericiliyə əsaslanmaqla, Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə həyata keçirilir. Həm dövlət, həm də özəl sektor bu sistemə inteqrasiya olunmaqla, eyni hüquqi və texniki tələblərə tabe olur. VSİS üzərindən həyata keçirilən bu proses sistemli nəzarət və hesabatlılıq baxımından mühüm əhəmiyyət daşıyır. Özəl tibb müəssisələrində çalışan həkimlər — dövlət sektorundakı həmkarları kimi — elektron xəstəlik vərəqəsi tərtib etmək üçün VSİS-də qeydiyyatdan keçməli, fərdi istifadəçi identifikatoru əldə etməli və yalnız “Sima” hüquqi imza vasitəsilə sənədləri rəsmiləşdirməlidirlər. Bu, onların hüquqi məsuliyyətini və sistemdəki hərəkətlərinin izlənilə bilməsini təmin edir”.

S.Məhərrəmova bildirib ki, VSİS sistemində iştirak edən özəl tibb müəssisələrinin daxilində müəyyən təşkilati prosedurlar, daxili sənədləşmə qaydaları və idarəetmə metodikası fərqli ola bilər:

“Lakin bu fərqlər yalnız müəssisədaxili iş prinsipləri ilə məhdudlaşır və sistem səviyyəsində tətbiq olunan ümumi funksionallığa, texniki tələblərə və hüquqi əsaslara təsir göstərmir. Elektron xəstəlik vərəqələrinin mərkəzləşdirilmiş və vahid platforma üzərindən idarə olunması əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarına dair real və operativ statistikanın aparılmasına, sui-istifadə hallarının qarşısının alınmasına və qərarverici orqanların daha effektiv idarəetmə qərarları qəbul etməsinə şərait yaradır. Bu sistem həmçinin sığorta ödənişlərinin düzgün tənzimlənməsi, əmək bazarında şəffaflıq və əmək münasibətlərinin rəqəmsal şəkildə izlənməsi baxımından da vacib alət hesab olunur”.

Mütəxəssis sonda qeyd edib ki, rəqəmsal səhiyyə sistemlərinin uğurlu tətbiqi təkcə dövlət qurumlarının deyil, həm də özəl sektorun aktiv iştirakı ilə mümkün olur:

“Elektron xəstəlik vərəqələrinin vahid platformada idarə olunması bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının real nümunəsidir. Özəl sektorun bu sistemə inteqrasiya olunması, həm hüquqi baxımdan məsuliyyətin paylaşılmasını, həm də xidmət keyfiyyətinin artırılmasını təşviq edir”.

Tehsil-press.az

Oxşar xəbərlər