.jpg)
MİQ imtahanının elektron formada təşkilini xüsusi dəyərləndirən Gülbahar müəllim elə bu amilə görə hələ imtahana girməmişdən əvvəl onun obyektiv keçiriləcəyinə inandığını söyləyib. İmtahanda iştirak etdikdən sonra isə bu inamı daha da möhkəmlənib:
“Müsabiqənin elektron formada təşkili obyektivliyi təmin edir. Burada iştirak edərkən özüm də şahidi oldum ki, bütün namizədlər üçün eyni şərait yaradılır və qiymətləndirmə də hər kəs üçün eyni qaydada aparılır. İmtahan imkan verir ki, bilikli, bacarıqlı müəllimlər öz potensiallarını nümayiş etdirsinlər və işə qəbul edilsinlər”.
2021-ci ildə MİQ imtahanında ilk dəfə iştirak edən G.Quliyeva o zaman 60 ballıq sistemlə 48 bal toplayaraq məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Artıq 4 illik təcrübəsi olan gənc müəllim bu il həm özünü sınamaq, həm də imtahan formatı ilə daha dərindən tanış olmaq üçün yenidən imtahana girib. Amma bu dəfə məqsədi sadəcə iş yerinin dəyişdirilməsi deyildi: “Bu imtahanda iştirak etməkdə əsas məqsədim inkişaf etmək idi. Sertifikatlaşdırma imtahanından sonra düşündüm ki, MİQ-də də iştirak edim, suallarla tanış olum. Daim öz üzərimdə çalışıram. Özünü təkmilləşdirmək hər bir müəllim üçün vacibdir”.
Universitetə qəbul zamanı da 606 bal toplayan Gülbahar Quliyeva müəllimlik fəaliyyətinə Azərbaycan Dillər Universitetini bitirdikdən sonra – 2017-ci ildə başlayıb. İlk illərdə özəl tədris kurslarında və Azərbaycan Milli Elmlər Akademiyasında çalışsa da, daxili bir istək onu həmişə müəllimlik peşəsinə aparıb: “Müəllimlik mənim uşaqlıq arzum olub. Özümü yalnız sinifdə, şagirdlərə nəsə öyrədərkən və onlara ilham verərkən tam mənalı və xoşbəxt hiss edirəm. Məncə, müəllimlik təkcə peşə deyil, bir missiyadır”.
O, öyrətməyin və biliklərini paylaşmağın verdiyi enerjini heç nə ilə müqayisə etmir: “Bilik paylaşdıqca böyüyür, insan özü də bu prosesdə inkişaf edir”.
Vakant yer seçimi mərhələsində iştirak edib-etməyəcəyinə hələ tam qərar verməyən müəllim düşünür ki, əgər bu proses də ona özünü daha da təkmilləşdirməyə kömək edəcəksə, fürsəti dəyərləndirəcək.
Tehsil-press.az