İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir – Qanun nə deyir?

İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir – Qanun nə deyir? Obyekti yanan vətəndaş sığorta ödənişini ala bilmir. Ekspertin müəyyən etdiyi zərərin ödənməsini kim təmin etməlidir? Qanun nə deyir?

Müraciət edən vətəndaş Mehralıyev Vüqar Mehralı oğlu deyir ki, obyektini "MEGA SIĞORTA" ASC-də sığortalatdırıb.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi 8 ünvanında yerləşən həmin daşınmaz əmlaka 136 091 (yüz otuz altı min doxsan bir) manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilib.

Müqavilə şərtlərinə uyğun olaraq 9 000 manat məbləğində azadolma tətbiq edilib.

Vüqar Mehralıyevin istifadəsində olan həmin çörəkbişirmə sexində yanğın hadisəsi baş verib. Nəticədə sexin tavan hissəsi və dam örtüyü yanaraq məhv olub, sexin daxili hissəsi isə tüstünün və yanğının söndürülməsi zamanı istifadə olunmuş suyun təsirinə məruz qalıb. Bu hadisə əmlaka ciddi maddi ziyan vurub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, qeyri-yaşayış sahəsinə dəymiş tikinti üzrə ziyanın məbləği 45 923 manat müəyyən edilib.

Mülki Məcəllənin 925-1.4-cü maddəsinə əsasən, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə, həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər.

Vüqar Mehralıyev də həmin maddəyə əsasən Mərkəzi Bankın reyestrində olan ekspertlər siyahısından təkrar ekspertiza təyin etdirib. Sonuncu müstəqil ekspert rəyinə əsasən dəymiş zərər 45 923 manat məbləğində hesablanıb.

Vətəndaş Mərkəzi Bankdan 45 923 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsinə köməklik göstərilməsini xahiş edib.

Lakin Mərkəzi Bank vətəndaşın şikayətini təmin etməyib:

“Bu, bizə Mülki Məcəllənin 925-1.4-cü maddəsinin real sığorta münasibətlərində işləmədiyini, yaxud təkrar ekspertiza mexanizminin real sığorta təcrübəsində effektiv olmadığını düşünməyə əsas verir.

Mülki Məcəllənin 925-1.4-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin müstəqil ekspert tərəfindən təkrar qiymətləndirilməsi ilə bağlı rəy, sığorta ödənişinin verilməsi üçün məcburi xarakter daşıyır?” – deyə vətəndaş müraciətində qeyd edib.

Vətəndaşın vəkili bildirir ki, problem ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanınan hüquqi mexanizm – təkrar müstəqil ekspert rəyi, Mərkəzi Bank və sığorta şirkətləri tərəfindən faktiki olaraq nəzərə alınmır:

“Mərkəzi Banka təqdim edilmiş bütün sənədlərə və hüquqi əsaslara baxmayaraq, qurum sığorta ödənişinin təmin olunması istiqamətində heç bir tədbir görməmiş, məsuliyyətdən yayınmışdır. Bu isə Mülki Məcəllənin 925-1.4-cü maddəsinin real praktikada işləmədiyini açıq şəkildə ortaya qoyur”.

Mövzu ilə bağlı Mərkəzi Banka ünvanladığımız sorğuya aşağıdakı cavabı aldıq:

“Vətəndaş müraciəti nəzərə alınaraq Mərkəzi Bank tərəfindən “Meqa Sığorta” ASC-yə (bundan sonra – sığortaçı) sorğu məktubu ünvanlanıb. Sığortaçı tərəfindən bildirilən məlumatda baş vermiş hadisə nəticəsində zərər görmüş əmlakın sığortaçı tərəfindən qiymətləndirildiyi və 10 245 manat məbləğində müəyyən edildiyi bildirilib. Vətəndaş bu məbləğlə razılaşmayıb və fərdi şəkildə ekspert xidmətindən istifadə edib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən zərərçəkmiş əmlak 45 923 manat məbləğində qiymətləndirilib. Müstəqil ekspertin əmlakı qiymətləndirməsi qanunvericilikdə nəzərdə tutulmuş formada həyata keçirilmədiyindən vətəndaşa qanunun tələbləri izah edilib. Vətəndaş qanunvericilikdə nəzərdə tutulmuş formada 3 müstəqil ekspert təklifini sığorta şirkətinə bildirib və sığortaçı təkliflər arasından müvafiq eksperti seçərək əmlakın yenidən qiymətləndirilməsini təşkil edib. Vətəndaşın bildirdiyi və sığorta şirkətinin təsdiq etdiyi məlumata əsasən, seçilmiş müstəqil ekspert əmlaka dəymiş zərəri 45 023 manat həcmində müəyyən edib.

Sözügedən sığortalı əmlakın icarəçisi olan sığortalı Vüqar Mehralıyev sığortaçı ilə razılıq əldə olunmasını gözləmədən, eyni zamanda sığortaçının sığorta ödənişinin formasının seçilməsi hüququnu məhdudlaşdıraraq əmlakın təmirinə başlayıb.

Sığortaçının yekun məlumatına əsasən bildiririk ki, sığortaçı ilkin müstəqil sığorta eksperti tərəfindən aparılmış qiymətləndirmə məbləği, yəni 45 023 manat məbləğinə razıdır və müqavilə şərtlərində nəzərdə tutulmuş 9 000 manat azadolma məbləği tətbiq edilməklə əmlakı təmir etmə formasında sığorta ödənişini icra etməyə hazır olduğunu bildirib”.

Tehsil-press.az

Oxşar xəbərlər